Vətən müharibəsinin 18 yaşlı şəhidi - FOTOLAR

   Vətən müharibəsinin 18 yaşlı şəhidi -    FOTOLAR
  08 Fevral 2021    Oxunub:3593
Şəmkir rayon Zəyəm Cırdaxan kəndinin 18 yaşlı şəhidi İsrayıl Hacıyev Vətən müharibəsinin qəhrəmanlarından biridir.

Vətənpərvər gənc kimi böyüyən İsrayıl həmişə öndə olmağa can atır, torpaqlarımızın azad olunmasında iştirak etməyi arzulayırdı. Elə şəhid olacağını da sanki öncədən hiss etmişdi... Anasına “sən şəhid anası olacaqsan” deyirmiş.
Dörd oğul böyüdən Gülnarə ana indi İsrayılın dediyi kimi, şəhid anasıdır. “İsrayılın ləqəbi “yapon” idi. Onu həmişə evdə elə çağırırdıq. Telefonla danışanda deyirdim ki, ehtiyatlı ol, özünü qoru. O isə mənə deyirdi ki, ana tezliklə torpaqlarımızı azad edəcəyik”, - deyə şəhid anası Gülnarə Hacıyeva bildirib.

İsrayılın qardaşı da onunla fəxr edir. Xəyal Hacıyev deyib: “Hərbi xidmətini Bakıda keçirsə də can atırdı ki, cəbhə xəttinə yollansın. Sonra zəng etdi, dedi ki, Beyləqandayam. Həmlə taborunda idi. İlk döyüşə gedənlər də onlar olub.”

İsrayıl xoş xasiyyəti, gülərüz olması ilə seçilirdi. Arzusu isə hərbi xidmətdən sonra orduda qalıb müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmək idi.

Şəhidin dostu Emin Yusifovun sözlərinə görə, İsrayıl vətənpərvər gənc olub: “Vətəni hər şeydən çox sevirdi. Biz onunla körpə yaşlardan dost olmuşuq. İsrayıl hərbi xidmətə gedəndə birinci mənə zəng etdi. Sonuncu dəfə isə sentyabrın 26-da telefonla danışdıq. Beş ayın əsgəri idi. Həmişə onunla fəxr edəcəyəm”.

İsrayıl Hacıyev müharibənin ikinci günü – sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. (AzərTAc)











Azvision.az


Teqlər: Vətən-Müharibəsi   Şəhid  





Xəbər lenti