Türkiyə-Azərbaycan birgə təlimləri erməniləri qorxuya saldı
Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryan birgə təlimlərdən danışaraq erməniləri sakitləşdirməyə çalışıb.
O, jurnalistlərin Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı sualına belə cavab verib: “Türkiyə-Azərbaycan hərbi təlimlərindən qorxmayın”.
Bəzi erməni saytları isə həyəcanlı məqalələr yazaraq xatırladırlar ki, 44 günlük müharibədən iki ay əvvəl deputat Lilit Makunç da oxşar açıqlama vermişdi:
"O da oxşar şəkildə danışırdı. Ermənistanla Azərbaycan arasında hər hansı bir münaqişə olacağı təqdirdə Türkiyənin buna qarışmayacağına əmin olduğunu söyləmişdi. Və hamı nələrin baş verdiyini, kimin kimə hansı formada dəstək olduğunu gördü. Panikanın yayılmasının əleyhinəyik. Amma təcrübə göstərdi ki, bu "türk yanlısı" olan səlahiyyətlilərə inanmamalıyıq. Çünki onların "səmimi" proqnozları bizim üçün fəlakətlidir".
Xatırladaq ki, qardaş Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edirlər. Yanvarın 17-də təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikalar artıq təlim yerinə yola salınıb. Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığı uğurla davam edir, hər il Naxçıvan və Qars şəhərlərində birgə hərbi təlimlər keçirilir.
Tural Tağıyev
Azvision.az
Teqlər: Hərbi-təlim Erməni-deputat