Ermənistan müxalifəti İlham Əliyevin qələbəsini etiraf edir

  Ermənistan müxalifəti İlham Əliyevin qələbəsini etiraf edir
  14 Yanvar 2021    Oxunub:8951
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən Ermənistanda sular durulmaq bilmir. Ölkədə gərgin vəziyyət davam edir.
Ermənistan rəsmiləri və ümumilikdə siyasət adamları ölkənin yalnız siyasi həyatı deyil, iqtisadi, sosial, humanitar sahələrinin də iflic vəziyyətə düşdüyünü etiraf edirlər. Ekspertlər ölkədə müharibədən sonrakı vəziyyəti faciə kimi qiymətləndirirlər. Onların fikrincə, əgər Ermənistan öz iddialarından əl çəkərsə və fəaliyyətini bölgənin inkişaf perspektivinə hesablanmış və bütün region ölkələrinin mənafelərinə uyğun olan iqtisadi, kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılması istiqamətində qurarsa, bundan yalnız fayda götürəcək və gərgin durumdan çıxa biləcək.

Ermənistan müxalifəti də deyəsən artıq reallığı dərk edir, Azərbaycanın hərbi gücünü və ümumilikdə potensialını qəbul edərək indiki iqtidarın (Paşinyanın komandası-red) yol verdiyi səhvləri təkrarlamamağı məqsədəuyğun hesab edir. Belə ki, Ermənistan müxalifətinin lideri, Nikol Paşinyanın əsas rəqibi olan Vazgen Manukyan revanşist ideyaların onlara xeyir verməyəcəyi qənaətindədir.

Onun RBK-ya verdiyi müsahibəsində bir sıra məqamlara toxunulub ki, bunlardan biri də uduzulmuş Qarabağ müharibəsi və ümumilikdə yeni zərərli müharibə ideyaları ilə bağlıdır. Manukyan baş nazir Nikol Paşinyanı tənqid edərək deyib ki, indiki iqtidar erməni cəmiyyətinə ancaq zərər vurub. Nikolun “narıncı inqilab” nəticəsində hakimiyyətə gəldiyini xatırladan müxalifət lideri, ötən müddətdə onun əsas işinin cəmiyyətdə bölücülük salmaq olduğunu və baş nazirə bəslənən ümidləri puça çıxardığını vurğulayıb:

“Rəngli inqilablar” heç vaxt yaxşı bitmir. Bu cür inqilabların ardınca, hakimiyyətə rəhbərlik etməyə hazır olmayan, əsasən səriştəsiz insanlar gəlirlər”.

Maraq üçün xatırladaq ki, 2018-ci il hadisələri zamanı Azərbaycan müxalifəti də Ermənistanın düz yolda olduğunu, çevriliş, güc yolu, rəngli inqilablarla hakimiyyət dəyişikliyinin, idarəçiliyə küçədən təcrübəsiz şəxslərin gətirilməsinin erməni cəmiyyətinə müsbət şeylər vəd etdiyini gecə-gündüz təbliğ edirdi. İndi isə sadə ermənilərdən tutmuş, siyasi elitaya qədər ölkəyə səbatsız birinin rəhbərlik etməsinin nə dərəcədə təhlükəli olmasını etiraf etməyə başlayıblar.

“Paşinyan “Ermənistanın Elçibəyi” oldu”

Vazgen Manukyanın İkinci Qarabağ müharibəsi ilə bağlı fikirləri də diqqət çəkir. O qeyd edib ki, müharibənin gedişində Paşinyan cəbhədə baş verənləri yetərincə dərk etmək qabiliyyətində olmayıb. Müxalif lider ağır itkilərə görə indiki iqtidarı günahlandırıb. “Əgər Paşinyan rayonları döyüşsüz qaytaracaqdısa, niyə bunu əvvəldən etmirdi, ortada bu qədər itkilər oldu”, - deyə o söyləyib. Həmçinin qeyd edib ki, müharibənin gedişində Rusiya Ermənistanın yerinə vuruşmalı deyildi. Gözlənildiyi kimi bu baş vermədi.

Manukyan bir məqamı xüsusilə xatırladaraq bildirib ki, Birinci Qarabağ müharibəsində Azərbaycanda Əbülfəz Elçibəy kimi bir şəxsin hakimiyyətdə olması Ermənistanın qələbəsini təmin edib. Onun fikrincə, hazırda Paşinyan “Ermənistanın Elçibəyi”dir.

“İndi Azərbaycan bizim Elçibəyimizin olmasından istifadə etdi”,- deyə müxalifət lideri söyləyib.

Erməni siyasətçi hazırda ölkəsində Azərbaycana qarşı revanşizm barədə düşünməyin mənasız olduğunu dilə gətirib. Manukyana görə, müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir.

Moskva görüşündə qazanan tərəf Azərbaycandır

Müsahibədə diqqət çəkən digər məqam isə odur ki, Ermənistan müxalifəti Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik qələbəsini etiraf edir. Manukyan vurğulayıb ki, Moskva görüşündə Ermənistan heç nə qazanmadı, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə etdi.

Onun sözlərinə görə, kommunikasiyalar haqqında danışanda ümumi yuvarlaq ifadələr deyirlər. Rabitə məsələsi gündəmə gələndə isə bu, Azərbaycanın maraqlarını təmin etmək deməkdir: “Üçtərəfli danışıqlar zamanı heç bir şey qazanmadıq, Azərbaycan lazım olanı aldı. Bu Naxçıvanı Azərbaycanla birləşdirəcək yoldur”.



Xatırladaq ki, Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir. Uzun müddətdir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistanın 17 siyasi partiyası bu posta namizəd olaraq məhz 74 yaşlı Vazgen Manukyanı irəli sürüb. O, ölkə siyasətinin ən yaşlı simalarından biri sayılır. Qarabağdakı separatizmin çiçəkləklənməsində böyük rolu olan Manukyan “Qarabağ” komitəsinin də üzvü olub. Erməni siyasətçi 1990-91-ci illərdə baş nazir, 1992-1993-cü illərdə müdafiə naziri postlarını tutub.

90-cı illərin əvvəllərində “Milli Demokratik Qüvvələr” adlı partiya yaradan indiki müxalifət lideri 1995-2007-ci illərdə ölkə parlamentində təmsil olunub. 2009-cu ilin martında o vaxtkı prezident Serj Sarkisyanın yaratdığı İctimai Şuranın sədri seçilib. Hazırda Ermənistan müxalifətinin vahid namizədidir. Onun Nikol Paşinyandan sonra hakimiyyətdə əsas fiqur olacağı ehtimal edilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Manukyan   Paşinyan   Elçibəy   Moskva-görüşü   Rəngli-inqilab  





Xəbər lenti