Koronavirus Çinə milyardlar qazandırır

Koronavirus Çinə milyardlar qazandırır
  31 Dekabr 2020    Oxunub:1279
Çin dünyanı həm virusa yoluxdurdu, həm də yoluxdurduğu dünyanı icad etdiyi peyvənd vasitəsilə xilas etməyə çalışır.
Mütəxəssislərin rəyinə görə, Çinin peyvəndi analoqlarından bir qədər üstündür. Buna görə də Türkiyə Çinin icad etdiyi peyvəndə üstünlük verib. Elə Azərbaycan da eyni yolla gedəcək.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az-a deyib ki, pandemiya dövründə dünya iqtisadiyyatı və siyasətində çox şey dəyişdi. O, 2020-ci ildə Çinin yeni növ virusun yarandığı ölkə olmasına baxmayaraq, pandemiyadan ən çox qazanan dövlət olacağını da düşünür:

“Çində ilk viruslu xəstələr peyda olanda Vuhandakı həkimlərdən bir neçəsi həyəcan təbili çaldı. Ancaq hakimiyyət strukturları həmin həkimləri dinləmək və təhlükəni öyrənmək əvəzinə, həmişəki kimi cəza mexanizminə üstünlük verdilər. İnsanları ehtiyatlı olmağa çağıran həkimlərə sərt xəbərdarlıq edildi, ev həbsinə alınanlar da oldu. Nəticədə, gərəkli vaxt itirildi ki, bununla da virus Çindən dünyaya ayaq açmağa başladı. Halbuki, Pekin zamanında virus barədə məlumatı dünya ilə bölüşsəydi, qapanma daha tez baş verər və infeksiyanın yayılmasının qarşısını almaq mümkün olardı. Ancaq nə baş verdi? Viruslu çinlilər bixəbər dünyaya səyahət etməkdə, digər ölkələrin vətəndaşları isə Çinə səfər etməkdə idilər”.



Yola saldığımız ildə virusun ciddi şəkildə “vurduğu” ilk iki ölkənin İran və İtaliya olduğunu xatırladan politoloq, bunun da sadə səbəbləri olduğunu qeyd edib:

“İranlı iş adamı Çindən özü də bilmədən virusla geri qayıdıb xəstəliyi yaşadığı Quma yaydı və oradan da gözəgörünməz düşmən bütün ölkəyə ayaq açdı. Üstündən bir il keçib və bütün qadağalara rəğmən, İranda hələ də gündə yüzlərlə insan vəfat edir. İtaliyaya isə virusu əsasən bu ölkənin brend zavodlarında çalışan çinlilər yaydılar. Yəni aşkarlanmışdı ki, həmin çinlilər evlərindən İtaliyaya özləri ilə bu virusu da gətirmişdilər. İtaliyada ilin başlanğıcında ölənlərin sayı 800 nəfərdən az deyildi. İranda və İtaliyada virus yayılarkən ABŞ, Fransa, Braziliya, Almaniya və Hindistanda vəziyyət hələ sabit idi. Hazırda gündəlik yoluxanların və ölənlərin sayına görə ABŞ, Braziliya və Hindistan ilk üçlükdədir. Bu 3 ölkədə ölənlərin sayı 1 milyona yaxınlaşır.

Çinə qonşu olan Hindistanın baş naziri Narendra Modi hələ mart ayında ölkəni faktiki qapatdı ki, virus Vətənində yayılmasın. Dünyanın ən böyük demokratik ölkəsi sayılan Hindistan qorunacağını ümid edirdi. Hətta Hindistanda icazəsiz küçəyə çıxanlar polis çubuğu ilə belə döyülürdülər. Ancaq bu kimi qadağalar da Hindistanı xilas etmədi. Çindən çıxan virus Hindistanı bulaşdırdı. Əhalisi 1 milyardı ötən Hindistan üçün bu fəlakət sayıla bilərdi. Çin virusu yaymaqla bərabər ətrafda hərbi gücünü də göstərirdi. Təsadüfi deyil ki, bu ölkə il ərzində Hindistanla sərhəddə əzələ nümayişi göstərdi, hər iki tərəfdən ölənlər belə oldu”.

Elxan Şahinoğlu onu da vurğulayıb ki, Hindistan Çindən peyvənd almağı düşünmür. Bu ölkənin dərman istehsalı Çindən geri qalmır. Ona görə də hindistanlılar başqa dövlətlərlə əməkdaşlıq sayəsində peyvəndin icadına çalışırlar:

“Hindistanda təxminən 600 milyon insanı peyvənd etmək lazımdır. Buna heç bir şirkətin təkbaşına gücü çatmaz. Bu səbəbdən Hindistan ancaq öz gücünə arxayın ola bilər. Dünya 2021-ci ilə ümidlə daxil olur. Peyvənd bəşəriyyəti virusdan xilas etməlidir. Ancaq mübarizə hələ uzun müddət davam edəcək. Çin isə rahatdır. Əhalisi 1 milyarddan çox olan bu nəhəng ölkədə virus demək olar ki, yoxdur. Üstəgəl Çin peyvəndin satışından milyardlarla dollar qazanc əldə edəcək. Buna baxmayaraq, bəşəriyyət virusun necə ortaya çıxdığını və yayıldığını heç zaman unutmayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Çin   Virus   Yoluxma   Dünya  





Xəbər lenti