İran Ukrayna təyyarəsində ölənlərin ailələrinə təzminat ödəyəcək

 İran Ukrayna təyyarəsində ölənlərin ailələrinə təzminat ödəyəcək
  30 Dekabr 2020    Oxunub:1344
İran Ukraynaya məxsus təyyarədə həlak olanların ailələrinə 150 min dollar təzminat ödəyəcək.
Azvision.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Hökumətin bu gün keçirilən iclasında təyyarə qəzası qurbanlarının ailələrinə və yaxınlarına hər ölən şəxs üçün 150 min dollar və ya ona bərabər miqdarda avro ilə ödəməyə dair qərar qəbul edilib.

Qərara əsasən, nəzərdə tutulan kompensasiya tezliklə həlak olan şəxslərin ailəsinə milliyyəti və vətəndaşlığından asılı olmayaraq ödəniləcək.

Xatırladaq ki, Kiyevə uçan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar tarixində səhər saatlarında Tehran hava limanından qalxdıqdan bir müddət sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər ölüb. Onların arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da olub. İran hərbçiləri yanvarın 11-də Ukrayna təyyarəsini səhvən vurduqlarını etiraf ediblər.

İran tərəfi ABŞ-dan hücum gözlədiklərini, bununla əlaqədar olaraq ölkənin hava hücumundan müdafiə sistemlərinin tam döyüş hazırlığına gətirildiyini qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   İran   Təyyarə  





Xəbər lenti