Torpaqların azad olunması turizm üçün böyük imkanlar vəd edir

 Torpaqların azad olunması turizm üçün böyük imkanlar vəd edir
  26 Dekabr 2020    Oxunub:1740
İşğaldan azad edilmiş ərazilərimizin coğrafiyası, iqlimi, təbiəti daxili və gəlmə turizmin inkişafı baxımından cəlbedicidir. Qarabağda tarixi və dini abidələrin olması, xüsusən də gəlmə turizmin inkişafını stimullaşdıracaq.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı yerlərdən biri hesab olunur.

“Çünki Kəlbəcər rayonunda həm yay, həm qış, həm dini, həm də müalicəvi turizmi inkişaf etdirmək mümkündür. Bunun üçün rayonun kifayət qədər potensialı var. Eyni zamanda digər işğaldan azad edilmiş rayonlarımızın, o cümlədən Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamın da turizm potensialı kifayət qədər böyükdür. Bu ərazilərin həm iqlimi cəlbedicidir, həm də yay turizminin inkişafı üçün imkanları genişdir. Ən qədim yaşayış məskəni olan Azıx mağarası, Füzuli rayonunda Şah İsmayılın namaz qıldığı Şah İsmayıl məscidi, Ağdam, Şuşa məscidləri, Şuşa qalası və digər abidələr, Zəngilanın məşhur çinar meşəsi turistlər üçün cəlbedici məkanlardandır. Təbii ki, onların böyük qismi ermənilər tərəfindən dağıdılıb. Amma bərpa olunduqdan sonra yenə də tarixi əhəmiyyətini qoruyub saxlayacaq”.



Deputat bildirib ki, bərpa prosesindən və pandemiyadan sonra işğaldan azad olunan ərazilərin turizm potensialı ölkəyə gələn turistlərin sayını kifayət qədər artıracaq: “Qiymətləndirməmizə görə, bölgənin turizm potensialı postpandemiya dövründə ölkəyə gələn turistlərin sayının illik olaraq 4 milyon nəfərə çatmasına imkan verəcək. Eyni zamanda daxili turizmin hərəkətliliyi və daxili turizm gəlirləri artacaq”.



V.Bayramov hesab edir ki, Qarabağa xarici və yerli turistlərin axını ilə Ümumi Daxili Məhsulda turizmin payında artımların olacağı proqnozlaşdırılır. “Pandemiyadan əvvəl il ərzində xeyli sayda azərbaycanlı turist kimi xaricə gedirdi. İşğaldan azad edilmiş ərazilərdə turizm marşrutlarının açılması yerli turistlərin xeyli hissəsinin daxili turizmdən istifadə etməsinə səbəb olacaq. Həmin rayonların bərpa olunması ilə çox sayda insanın həsrətində olduğu Qarabağa səfər edəcəyi gözlənilir. Bu da valyutanın ölkədən çıxmamasına şərait yaradacaq”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Turizm  





Xəbər lenti