Avropa Çinə “qırmızı vərəqə” göstərdi - TƏHLİL

 Avropa Çinə “qırmızı vərəqə” göstərdi -  TƏHLİL
  21 Dekabr 2020    Oxunub:1721
Avropa Parlamentinin üzvləri, artan məcburi əməyə dair dəlillər və Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki Uyğurların həyəcan verici vəziyyətini müzakirə ediblər.
Avropa Parlamentinin deputatları Çin hökumətinin rəhbərlik etdiyi məcburi əmək sistemini - xüsusilə uyğurların, etnik qazaxların və qırğızların və digər müsəlman azlıqların Sincan Uyğur Muxtar Bölgəsindəki internat düşərgələrində və xaricindəki fabriklərdə istismar edilməsini kəskin şəkildə qınayıblar. Avropa Parlamenti, Çin səlahiyyətlilərinin müntəzəm olaraq doğuş yaşı olan uyğur qadınları məcburi abortlara məruz qoyduğunu qeyd edib. Çin rəsmilərinə qarşı ünvanlı sanksiyaların tətbiqi zəruridir. Avropa Parlament, həmçinin Çində digər inzibati vahidlərə məcburi işçilərin davamlı köçürülməsini və tanınmış Avropa markaları və şirkətlərinin Çinin məcburi əməyindən bəhrələnməsini tənqid edib.

Parlamentdə Avropa Xalq Partiyası qrupu, AB üzv ölkələrini Uyğurların məcburi əməyinə cavab olaraq təsirli nəzarət mexanizmlərini tətbiq, o cümlədən Sincan Uyğur Muxtar Bölgəsindən çıxan pambıq və pambıq məhsullarının idxalını qadağan etməyə çağırıb. Deputatlar çıxışlarına deyiblər ki, uyğurları təqib edən Çin rəsmilərinə qarşı ünvanlı sanksiyaların tətbiqi zəruridir.

Avropa Parlamentinin üzvü Miriam Lexman, Sincanda Uyğurların vəziyyətini pisləyən bir qərarın plenar müzakirəsində bunları deyib: “Çində məcburi əməyin nəticəsində istehsal olunan malları satın alaraq insan haqlarının kobud şəkildə pozulmasında mənəvi cəhətdən iştirakçı olmamalıyıq. Xarici siyasətimizin bütün aspektləri Birliyin qurduğu dəyərlərə söykənməlidir. Bu dəyərlərə davamlı əməl etməliyik. Bu zəiflik deyil, gücdür.

Demokratiyaların ortaq dəyərlərimizin ortaq müdafiəsi üçün birləşmə vaxtıdır. Dünyada azadlıq uğrunda səy göstərməyə davam edən milyonlarla insana fəal şəkildə dəstək olmalıyıq. AB “Maqnitski qanunu” da daxil olmaqla bütün alətlərindən tam istifadə etməlidir”.

Avropa Parlamentinin Çin üzrə həmsədri Reynhard Butikofer sərt açıqlama verib: “Sincanda uyğur etnik azlığa qarşı vəhşiliklər və dövlətin geniş yayılmış məcburi əməyə məruz qalması insanlığa qarşı cinayətdir. Avropa şirkətlərini insan haqları pozuntularını təşviq etdikləri təqdirdə Çin tərəfdaşları ilə iş əlaqələrini kəsməyə çağırırıq. Beynəlxalq şirkətlər məcburi işçilərdən qazanc əldə etdikləri təqdirdə bütün etik standartları pozurlar. Çinlə hərtərəfli investisiya müqaviləsində məcburi əməyə qarşı beynəlxalq konvensiyalara hörmət etmək üçün yetərli öhdəliklərin olmasını tələb edirik”.

Beləliklə, Avropa Parlamentində Çində bir çox dini və etnik azlığa, xüsusən də uyğurlara və qazaxlara qarşı getdikcə artan repressiv rejimdən narahatdırlar. Avropalı deputatlar Çində insan hüquqlarının ciddi və sistematik şəkildə pozulmalarından kədərlənir və Çin hökumətini Uyğurlar və digər müsəlman azlıqların üzvlərinə qarşı cinayət işlərinə görə ittiham, mühakimə və məhkum olmadan özbaşına həbs tətbiqinə dərhal son qoymağı tələb edirlər.

Avropa Parlamentinin üzvləri Çin hökumətini etnik azlıqların düşərgələrdəki və həbsxanalardakı “kütləvi həbsxanalarına” son qoymağa və məhbusların dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb etməyə çağırırlar.

Qeyd edək ki, Avropa Parlamentində Çinlə bağlı müvafiq sənədin lehinə 604 deputat səs verib, cəmi 20 nəfər əleyhinə olub. Əgər Çin Avropa ilə iqtisadi və ticarət əlaqələrinin davamına ümid edirsə, uyğurlarla bağlı siyasətinə göz gəzdirməlidir. Əks halda Çinə qarşı sanksiyalarda Avropa İttifaqı ABŞ-a qoşula bilər. Bu, Çinə böyük zərbə olacaq.



Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Azvision.az


Teqlər: Çin   Avropa-Parlamenti  





Xəbər lenti