“ASAN imza” sertifikatlarını onlayn yeniləmək mümkündür

“ASAN imza” sertifikatlarını onlayn yeniləmək mümkündür
  18 Dekabr 2020    Oxunub:2192
Ölkəmizdə koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri nəzərə alınaraq bir sıra fəaliyyət növlərinin davam etdirilməsində məhdudiyyətlər tətbiq olunub. Bu zaman fəaliyyətinə icazə verilmiş bəzi sahələr üzrə icazələrin aktivləşdirilməsi məqsədilə vergiödəyiciləri tərəfindən “www.icaze.e-gov.az” saytına daxil olma vasitələrindən biri olan “ASAN imza” sertifikatlarının əldə olunmasına zərurət yaranır.
Dövlət Vergi Xidmətindən Azvision.az -a verilən məlumata görə, cari ilin oktyabr ayının sonunadək “ASAN imza” sertifikatının vaxtı başa çatmaqda olan sahibkarlar vergiödəyicilərinə xidmət mərkəzləri və ya “ASAN xidmət” mərkəzlərinə gəlməli, növbələrdə gözləməli və bir çox prosedurları yazılı şəkildə həyata keçirməli olurdular. Bu məsələ koronavirus pandemiyası ilə mübarizənin gücləndiyi və insanlar arasında təmasların minimallaşdırılmağa göstərilən səylər çərçivəsində son bir neçə ayda daha kəskin şəkildə ortaya çıxmışdı.

Eyni zamanda, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vergiödəyicilərinə xidmət mərkəzlərində vergiödəyicilərinin qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilir. Son günlərdə müraciətlərin artması və növbələrin əldə edilməsində yaranan sıxlıq elektron xidmətdən istifadəni zəruri edir.

Dövlət Vergi Xidməti vergiödəyicilərinin nəzərinə çatdırır ki, bu proses (ilk dəfə “ASAN imza” sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitənlər istisna olmaqla) vergi ödəyicilərinə xidmət mərkəzləri və “ASAN xidmət” mərkəzləri (ASXM) ilə yanaşı elektron qaydada da mümkündür.

Belə ki, vergiödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “ASAN imza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “ASAN imza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergiödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

İstifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda, sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergiödəyiciləri qüvvədə olan “ASAN imza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “ASAN imza” sertifikatlarının onlayn yenilənməsi üzrə “İstifadəçi Təlimatı” və “Şəxsi tipli “ASAN imza” sertifikatı əsasında “İş (Biznes) və Dövlət və bələdiyyə tipli “ASAN imza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə aşağıdakı linkdən tanış ola bilərsiz: https://www.taxes.gov.az/az/page/asan-imza#yeni

Bununla yanaşı, bir müddət əvvəl “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə olunmuş “ASAN imza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyasının yarandığı vaxtdan etibarən Dövlət Vergi Xidməti vergiödəyicilərinə göstərilən xidmətlərin elektronlaşdırılması işlərini genişləndirib. Elektronlaşdırılan xidmətlər vergiödəyicilərinin ən çox müraciət etdiyi sahələri əhatə edir. Bu xidmətlərin istifadəyə verilməsi vergi orqanları və vergiödəyiciləri tərəfindən sərf olunan vaxt, insan və maliyyə resurslarının dəfələrlə azaldılmasına imkan verməklə xidmət mərkəzlərinin fəaliyyətinin yeni qaydaların tələblərinə uyğun təşkil etmək və ölkədə COVID-19 təhlükəsinin qarşısını almaq istiqamətində əhəmiyyətli təşəbbüsdür. Vergiödəyicilərinə Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergiödəyicilərinin təhlükəsizliyi və rahatlığı üçün faydalıdır.

Azvision.az


Teqlər: Vergi   Xidmət   ASAN   İmza  





Xəbər lenti