“Cenevrə-2” konfransı uğursuzluq astanasında

“Cenevrə-2” konfransı uğursuzluq astanasında
  11 Fevral 2014    Oxunub:1051
Suriya Milli Koalisiyasının rəsmi nümayəndəsi Suay Safi “Cenevrə danışıqlarında irəliləyiş yoxdur”.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Cenevrə-2” konfransının 2-ci raundu bu gün başlayıb. Lakin sabah Suriya hakimiyyət ilə Suriya müxalifəti arasında keçiriləcək axşam sessiyası artıq ləğv olunub.

Suriya Xarici İşlər nazirinin müavini Feysəl Mukdad Cenevrə danışıqlarında Bəşər Əsədin istefasının müzakirə olunmadığını bildirib.
“Əlbəttə ki, biz Bəşər Əsədin hakimiyyətdən getməsini müzakirə etməyəcəyik. Bu məsələ gündəlikdə deyil və heç vaxtda olmayıb. Onun hakimiyyətdən getməsini istəyənlər sadəcə bizim burada vaxtımızı alırlar”-deyə Mukdad bildirib.
Suriya müxalifətinin rəsmi nümayəndəsi Luay Safi isə Cenevrə danışıqlarında irəliləyişin olmadığını və hakimiyyəti təmsil edən nümayəndə heyətinin yalnız terrorizm problemlərini müzakirə etmək istədiyini diqqətə çatdırıb.

“İrəliləyiş yoxdur, hakimiyyət nümayəndələri yalnız terrorizm problemlərini müzakirə etməyə hazır olduqlarını bildiriblər”- deyə Luay Safi narazılığını gizlətməyib.
Konfrans çərçivəsində fevralın 14-də Rusiya-ABŞ-BMT formatında görüş keçiriləcək.

Xatırladaq ki, “Cenevrə-2” konfransının ilk mərhələsi yanvarın sonlarında başa çatmışdı. Bir həftə davam edən danışıqlarda tərəflər heç bir əsas məsələ ilə bağlı razılığa gələ bilməyiblər. Yalnızca, hökumət qüvvələrinin mühasirəsində olan Homs şəhərindən dinc sakinlərin BMT bayrağı altında evakuasiya olunması və şəhərdə 3 günlük atəşkəs barədə razılıq əldə olunub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti