“Füzuli tezliklə inkişaf etmiş rayonlardan birinə çevriləcək”

“Füzuli tezliklə inkişaf etmiş rayonlardan birinə çevriləcək”
  09 Dekabr 2020    Oxunub:3025
İşğaldan azad olunmuş ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Eyni zamanda Füzuli rayonu iqtisadi potensialına görə seçilən rayonlardan biridir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Füzuli rayonundan seçilən deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Füzuli ötən əsrin 80-ci illərində pambıq, daha sonra üzüm və taxıl istehsalına görə respublikada aparıcı rayonlardan biri olub.

“150 min əhalisi olan Füzulinin torpaqları əsasən məhsuldar torpaqlar hesab olunduğuna görə kənd təsərrüfatının inkişafı imkanları kifayət qədər böyükdür. Burada təkcə əkinçilik deyil, eyni zamanda heyvandarlığın inkişafı imkanları da var. Füzuli rayonu və eləcə də Füzuli şəhərinin işğldan azad edilməsi imkan verəcək ki, qısa zamanda oranın iqtisadiyyatı bərpa edilsin və respublika iqtisadiyyatına xüsusi töhfə vermiş rayon olsun”.

Füzulinin sənaye potensialının olduğunu vurğulayan deputat qeyd edib ki, rayonda bir sıra təbii ehtiyatlar, o cümlədən inşaat materiallarının istehsalı üçün xammal bazası mövcuddur.

“Bu da imkan verəcək ki, sənayenin formalaşması, sənaye müəssisələrinin yaradılmasını həyata keçirmək mümkün olsun. Füzuli rayonu turizm potensialına da malikdir. Xüsusən Dağlıq Qarabağa yaxın olan kəndlərinin təbiəti imkan verir ki, daxili turizm üçün yeni imkanlar yaransın. Şuşaya gedəcək yol Füzuli rayonundan keçəcək. Eyni zamanda Naxçıvan kooridorinu birləşdirəcək dəmiryolu Füzuli rayonundan keçəcək. Nəticədə işğaldan azad olunmuş ərazilərimizin nəqliyyat HAB-ı olaraq bu imkanlardan iqtisadi baxımdan daha çox faydalanmasına imkan verəcək. Bu da orada istehsal olunan məhsulların digər rayonların bazarına çıxarılması baxımdan çox vacibdir. Bütövlükdə Füzuli rayonu öz potensialı ilə qısa zamanda respiblikanın iqtisadi baxımdan inkişaf etmiş aparıcı rayonların birinə çevrilmək imkanlarına malikdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Füzuli  





Xəbər lenti