Ermənistanda “çörək” böhranı yetişir

 Ermənistanda “çörək” böhranı yetişir
  03 Dekabr 2020    Oxunub:2777
Ermənistanın ərzaq təminatı məsələsində problemləri müharibənin ilk günlərindən hiss edilməyə başladı. Onsuz da passiv ticarət balansının yüksək olduğu bu ölkədə iri müəssisələrin fəaliyyətini dayandırması böyük ajiotaj yaratdı.
Bunu Azvision.az -a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, 27 sentyabrdan başlayaraq Ermənistanda ötən hər gün iqtisadi aktivlik daha da azaldı, təhlükənin miqyasını genişləndi.

“Hətta insanlar ehtiyat ərzaq toplamaq üçün mağazalara axışdı, satış mərkəzləri isə eyni düşüncə ilə bunu məhdudlaşdırmağa çalışdı. Qısa müddət ərazində bu dalğa Ermənistanın bütün ərazisini bürüdü, qida məhsulları piştaxtalardan yoxa çıxdı. Bu, Ermənistanı gözləyən böyük ərzaq təhlükəsizliyi probleminin ilkin siqnaları idi.

Məlumat üçün qeyd edim ki, illik taxıla olan ümumi təlabatı 450 min tona bərabər olan Ermənistan bunun 190-200 min tonunu yerli istehsal hesabına ödəyə bilirdi. Taxıl idxalının həcmi isə yerli istehsalın 125-130% -ə qədər idi. Başqa sözlə, 190-200 min ton taxıl istehsal edən ölkə təlabatını ödəmək üçün 250-260 min ton ixrac etməyə məcbur olurdu. Burada daha bir maraqlı məqam yerli istehsal hesab etdikləri 190-200 min ton taxılın 60-65%-ə qədərinin bizim işğal edilmiş ərazilərimizin payına düşməsi idi. Bizim torpaqlarımızdan əldə etdikləri taxılın həcmi bəzi mənbələrə görə, 130 min ton, bəzilərinə görə isə 140 tondan artıq göstərilir. Bu miqdarın da 100 min tondan çoxu birbaşa Ermənistana göndərilərək, əhalinin taxıl təminatında xüsusi pay sahib olurdu”.



Ekspert əlavə edib ki, ərazilərimizdən bu həcmdə yararlandıqları halda Ermənistan əhalisinin 25%-ə yaxın hissəsi yoxsulluq həddində, 16%-i qida təhlükəsizliyi problemi ilə üz-üzə qalarkən, 6-7% əhali isə adi gündəlik tələbatı olan qidanı əldə etməyə böyük çətinlik çəkirdi. Hətta BMT Dünya Qida Proqramının açıqladığı məlumatlara görə, Ermənistan taxıl məhsullarının 67%-ni, quş ətinin 78%-ni, ümumi ət məhsullarının ortalama olaraq 50%-ni, bitki yağlarının 96%-ni, paxlalı bitkilərin isə 50%-ni idxal etməklə təlabatını ödəyə bilir.

E.Əmirovun fikrincə, bütün bu göstəricilər müharibəyə qədər olan faiz nisbətləri idi: “Hansıki həmin vaxt işğalda olan ərazilərimizdən böyük həcmdə yararlanır, eləcə də taxıl istehsal edirdilər. Hazırkı durumda isə onların torpaqlarımızdan qovulması, digər sahələrdə olduğu kimi ərzaq təhlükəsizliyi məsələsində də ciddi problemlər yaşanacaq. Bu istiqamətdə yaranmış böyük həcmli defisiti aradan qaldırmaq üçün bütün qida sahələri üzrə idxalın xüsusi çəkisinin kəskin artırılması məcburidir. Təkcə taxıla olan təlabatın ödənilməsi üçün idxalın payının 75-80%- ə qədər yüksələcəyini düşünürəm. Bu isə qeyri-formal idxal kvotasının kəskin aşılmasıdır. Bunun öhdəsindən gəlmək üçün böyük maliyə vəsaiti lazım olacaq. Sonda yenə gəlib hər şey maliyyə qaynaqlarının üzərinə köklənəcək. Əgər Ermənistan diskriminativ yanaşıb öz ərzaq təhlükəsizliyini digər sahələrdəki problemlərində önə çıxarmasa, bu problemin həlli üçün maliyyə qaynaqları tapmasa, növbəti aylarda hərbi-siyası böhranın “çörək" böhranı ilə əvəz ediləcəyini görəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: çörəkböhranı  





Xəbər lenti