“Makron həqiqəti etiraf etmək məcburiyyətində qaldı” - Politoloq

“Makron həqiqəti etiraf etmək məcburiyyətində qaldı” -  Politoloq
  23 Noyabr 2020    Oxunub:1853
“Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər normal qarşılanmalıdır. Çünki Makron bunu inkar edə bilməzdi”.
Bunu Azvision.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Makronun münaqişənin həlli ilə bağlı proseslərə müdaxiləsi, canfəşanlığı heç də Fransa prezidentinin sağlam mövqedə olmasından xəbər vermir:

“Çünki Makron bizim ərazi bütövlüyümüzdən çox, özünün problemləri haqqında düşünür. Fransanın Avropa Birliyindəki mövqeləri zəifləyib. Türkiyə kimi güclənmiş və Avropa üçün vacib bir ölkəylə münasibətlərdə ciddi gərginliklər yaşanır. Təkcə Türkiyə yox, ABŞ-la da münasibətlərdə böyük anlaşılmazlıqlar var. Fransa problemlər məngənəsindədir”.

Ölkə daxilində də müəyyən narahatlıq doğuran məqamların olduğunu deyən politoloq qeyd edib ki, Fransada hər an dərin siyasi böhran yaşana bilər:

“Xarici siyasətindəki uğursuz gedişləri ilə diqqət çəkən Makron ölkəsində etirazçı kütləylə bağlı problemlər yaşayır. Elə gün olmur ki, Parisdə və Fransanın böyük şəhərlərində etirazlar olmasın. Ona görə də Fransa prezidentininn bir-birinə zidd addımlarını tələsik və fövqəladə bir vəziyyətə düşmüş adamın davranışları kimi qiymətləndirirəm. 44 gün ərzində başqa söz deyib indi fərqli ifadələr səsləndirməsi Makronun hər mənada fövqəladə durumda olmasından xəbər verir. Fransa prezidenti qarşıdan gələn seçkilərə görə siyasi proseslərdə aktiv görünməyə çalışır. Ancaq Ermənistanın dostu, xilaskarı kimi təqdim edilən Makronun növbəti seçkidə uğur qazanacağı inandırıcı görünmür. Çünki o, təkcə 44 günlük müharibə dövründə proseslərin dərinliyinə varmadan tələsik, kortəbii qərarlar verməsi ilə yadda qaldı. Son hadisələr göstərdi ki, Makron həqiqətən də güclü və "iriçaplı" dünya lideri deyil”.

Tofiq Abbasovun sözlərinə görə, baxmayaraq ki, Fransa dünyanın beş əsas söz sahibi olan ölkəsindən biridir, Makron yürütdüyü siyasətlə bu illər ərzində həm vətəninin adını, həm də şəxsi reytinqini aşağı saldı:

“Onun dünənki Qarabağla bağlı məlum fikirləri, Azərbaycanın qanuni ərazisini bərpa etməsində haqlı olmasına dair etirafı Makronun necə təzadlı biri olduğunu bir daha göstərdi. Yəni Qarabağ məsələsində daim Ermənistana göstərdiyi dəstəyinin fonunda qəfildən bizim xeyrimizə danışması anormal bir mənzərəni canlandırır. Əvvəllər əleyhimizə fikirlər səsləndirən Fransa lideri indi həqiqəti etiraf etmək məcburiyyətində qalıb. Əlbəttə, özünü, fikirlərini təkzib etmək ciddi siyasət işartıları deyil. Əslində bu cür davranışlar təsadüfi siyasətdən xəbər verir. Mənə elə gəlir ki, Makron bir müddətdən sonra hakimiyyətdən uğursuz siyasətçi kimi gedəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Makron   Fransa   Dağlıq-Qarabağ  





Xəbər lenti