Ermənistan iqtisadiyyatı batır: Ölkədə hər 3 nəfərdən biri yoxsuldur

Ermənistan iqtisadiyyatı batır:  Ölkədə hər 3 nəfərdən biri yoxsuldur
  12 Noyabr 2020    Oxunub:2298
“Ermənistan postmüharibə dövrünə kifayət qədər ciddi tənəzzülə uğramş iqtisadiyyatla daxil olur və güman olunur ki, bu tənəzzül davam edəcək”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Qarabağ müharibəsi Ermənistanın iqtisadiyyatına mənfi təsir göstərib.

“Azərbaycanın Ermənistanın təxribatına qarşı əks hücumundan sonra işğalçı ölkənin makroiqtisadi göstəricilərinin pisləşməsi, eyni zamanda xarici borc asılılığının dərinləşməsi müşahidə olundu. Hətta Ermənistan parlamenti 2021-ci ilin dövlət büdcəsinə baxaraq xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul etdi. Hazırda Ermənistanın xarici borcu 8 millyarddan çoxdur. Bu, Ermənistan ÜDM-nin 70 faizinin çoxunu təşkil edir. Ölkənin cəmi 2 milyardlıq xarici valyuta rezervləri var ki, bu da xarici borcun 4-də birinə belə yetmir. Makroiqtisadi göstəricilər, ÜDM-də azalma tempi davam edir. ÜDM-də azalma 6 faizdən çoxdur, bu da digər makroqitisadi, eyni zamanda sosial göstəricilərə birbaşa təsir göstərir. Digər tərəfdən Ermənistanın kredit reytinqi aşağı salındı. Kredit reytinqinin aşağı salınması ölkənin iqtisadiyyatına gələcəkdə yönəldilə biləcək xarici investisiyaların həcmini kəskin azaldacaq”.



V.Bayramov bildirib ki, bu şəraitdə Ermənistandan əhalinin miqrasiyası daha da sürətlənəcək, xüsusən ÜDM daxil olmaqla, digər makroqitisadi göstəricilərdə azalma tempi dərinləşəcək.

"Bu, Ermənistanın sosial göstəricilərinə də mənfi təsir göstərəcək. Nəzərə alsaq ki, hazırda Ermənistanda hər 3 nəfərdən biri yoxsuldur, 4 nəfərdən biri işsizdir. Beynəlxalq hesabatlarda bu rəqəmlər daha kritikdir. Ermənistanda həm yoxsulluq və işsizlik səviyyəsinin artmasının, həm də iqtisadiyyatdakı tənəzzülün növbəti dövrlərdə də davam edəcəyi gözlənilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ermənistan   İqtisadiyyat   Tənəzzül  





Xəbər lenti