Mnatsakanyan CNN-də gülünc vəziyyətə düşdü

  24 Oktyabr 2020    Oxunub : 8420
 Mnatsakanyan CNN-də gülünc vəziyyətə düşdü
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra oktyabrın 23-də CNN-ə müsahibə verib.
Azvision.az -ın məlumatına görə, humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistanın XİN rəhbəri müsahibə zamanı ölkəsinin təcavüzünə bəraət qazandırmaq üçün hər cür bəhanələr tapmağa cəhd edib.

Lakin jurnalist Kristin Amanpur bir neçə dəfə Mnatsakanyana BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb.

Aparıcı eyni zamanda, BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını, Dağlıq Qarabağ və bitişik ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu və Azərbaycan əhalisinin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyən qətnaməni yada salıb.

Aparıcının bu sözləri Zöhrab Mnatsakanyanı çaş-baş salıb. Ardınca Amanpur ona Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi millətçi və təxribat xarakterli açıqlamalarını xatırlatdıqda, Mnatsakanyan daha da çətin vəziyyətə düşüb.

“Bu, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi üçün bir şərt deyilmi?”, - deyə aparıcı erməni nazirdən soruşub.

Mnatsakanyanın sözlərinə görə, bu cür açıqlamaları verməklə Paşinyan yalnız "Dağlıq Qarabağdakı soydaşların təhlükəsizliyində Ermənistanın rolunu" düşünürdü.

Erməni nazirin bu cür bəsit cavabı CNN-nin jurnalistini qane etməyib və ona əlavə suallar ünvanlayıb. Mnatsakanyan isə absurd cavablar verməklə vəziyyətdən çıxmağa çalışsa da, alınmayıb. Əksinə özünü baş naziri Nikol Paşinyan kimi dünya ictimaiyyətinin qarşısında gülünc vəziyyətə salıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan “HardTalk” verilişində oxşar vəziyyətlə üzləşmişdi. O, aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarına rabitəsiz cavab verməklə özünü biabır etmişdi.

Azvision.az

Teqlər: Qarabağ   Erməni   Nazir