“Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır” - Prezidentin köməkçisi

 “Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır” -  Prezidentin köməkçisi
  14 Oktyabr 2020    Oxunub:2916
Azərbaycan öz ərazilərini işğaldan azad edir.
Azvision.az xəbər verir ki, bunu xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, münaqişənin həlli prinsipləri müəyyən edilib: “Lakin münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilə bilər”.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Moskva razılaşmasından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alır. Bu, qəbuledilməzdir:

“Ermənistan yenidən qoşun toplayaraq Azərbaycana qarşı hücumlara keçir. Ermənistan münaqişəni getdikcə daha da gərginləşdirir. Artıq bu gün Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib, həlak olan və yaralananlar var. Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır”.

H.Hacıyev əlavə edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır: “Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir”.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti