Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir

 Koronavirusla fəal mübarizə Ordumuza ən böyük dəstəkdir
  14 Oktyabr 2020    Oxunub:4139
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişr, sanitar-epidemoloji durum pisləşir.
Təəssüf ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, tibbi maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib.

Nədənsə, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Son həftələrdə isə vətəndaşları koronavirus infeksiyasından qorunmaqda bir qədər məsuliyyətsiz edən başqa amil də meydana çıxdı.

Belə ki, sentyabrın 27-dən Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Amma unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək, həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.

Hərbçilərimizin sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola və özü də bilmədən Ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərində düşən məsuliyyəti dərk etməlidir.

İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir, xüsusi, hətta strateji əhəmiyyətə malik məsələdir.

Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfə verməlidir.

Əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır. Əminik ki, bu dəfə də Azərbaycan vətəndaşları məsuliyyətli davranacaq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməyəcəklər. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir.

Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir. İndi heç vaxt olmadığı qədər həmrəy və diqqətli olmalıyıq. Bir cəbhədə etdiyimiz məsuliyyətsizliyimiz digər cəbhədəki mübarizəmizə ciddi təsir edə bilər.

Azvision.az


Teqlər: Koronavirus   AzərbaycanOrdusu  





Xəbər lenti