“Döyüşlər kiminsə maraqlarına cavab vermir” - Sabiq həmsədr

 “Döyüşlər kiminsə maraqlarına cavab vermir” -  Sabiq həmsədr
  14 Oktyabr 2020    Oxunub:1872
Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, problem yalnız danışıqlarla həll edilə bilər.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu 1999-2001-ci illərdə Amerikanın ATƏT-in Minsk Qrupundakı həmsədri olmuş Keri Kavano deyib.

O bildirib ki, döyüşlər kiminsə maraqlarına cavab vermir, münaqişəni həll etməyin yeganə yolu danışıqlardır. Bu, çətin bir yoldur.

"Qarabağ problemi ilə bağlı bir razılaşma hazırlamaq imkanının olub-olmadığını soruşsanız, cavab bəllidir. Ancaq buna nail olmaq üçün hər iki tərəf danışıqlara hazır olduğunu göstərməli və ölkələrinin ictimai rəyini belə bir razılaşmanı qəbul etməyə hazırlamaq lazımdır. Hərbi əməliyyatların baş verdiyi şəraitdə buna nail olmaq çox çətindir”, - deyə sabiq həmsədr əlavə edib.

Kavano hesab edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilən tənzimləmə səyləri hələ də zəruridir: "Bilirəm ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqlarda Ermənistan və Azərbaycan nümayəndələri Minsk formatına sadiq olduqlarını təsdiqləyiblər. Düşünürəm ki, bu formatda çalışmağa davam edəcəklər, ABŞ, Rusiya və Fransa prosesə öz töhfələrini verəcəklər. Əlbəttə ki, münaqişə tərəfləri danışıqlar masasına qayıtdıqdan sonra bu formatda bəzi dəyişikliklərin edilməsinin mümkünlüyünü müzakirə edə biləcəklər, lakin bunun üçün döyüş əməliyyatlarını dayandırmalıdırlar”.

Kavano əlavə edib ki, hazırda hər iki tərəf mümkün olan ən sərt mövqeyi tutur: “İnanıram ki, həll yolu tapıla bilər".

Onun sözlərinə görə, Minsk Qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa danışıqlarda vasitəçi kimi davranmağa davam etməlidirlər.

"Atəşkəs razılaşmasının əldə edilməsinin nə qədər çətin olduğunu gördünüz. ABŞ-ın Dağlıq Qarabağ nizamlanmasında roluna gəlincə, düşünürəm ki, son illərdə bu rol çox aktiv olmayıb. Eyni zamanda qarşıdan gələn 3 noyabr prezident seçkilərindən sonra ABŞ-ın bu məsələdə daha aktiv siyasət yürütməsini istisina etmirəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti