“Azərbaycan Qarabağa bitişik əraziləri azad edəcək” - Alman politoloq (EKSKLÜZİV)

 “Azərbaycan Qarabağa bitişik əraziləri azad edəcək” -  Alman politoloq  (EKSKLÜZİV)
  08 Oktyabr 2020    Oxunub:9889
"Azərbaycan Dağlıq Qarabağa bitişik əraziləri öz nəzarətinə qaytaracaq. Dağlıq Qarabağın özünə gəlincə, BMT-nin qərarı olacaq, bəlkə də referendum..."

Bunu Dünya Trendləri İnstitutunun (Potsdam) baş elmi işçisi Aleksandr Rar Qarabağdakı hərbi əməliyyatları Azvision.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, heç kim Dağlıq Qarabağı müstəqil bir dövlət kimi tanımır.
“Nəzəri olaraq, Krımdakı kimi orada da referendum keçirmək mümkündür. Yalnız bu, ATƏT-in himayəsi altında və 30 il əvvəl Qarabağdan qovulmuş azərbaycanlıların iştirakı ilə keçirilə bilər. Azərbaycan artıq qətnamələrin yerinə yetirilməsinə ümid edə bilməz. Buna görə rəsmi Bakı indi Ermənistanın işğal etdiyi əraziləri geri almağa qərar verdi. BMT qərarları, Madrid razılaşmaları niyə yerinə yetirilmədi? Çünki erməni tərəfi beynəlxalq səviyyədə Dağlıq Qarabağa münasibətdə "dövlət suverenliyi" prinsipini deyil, "əhalinin öz müqəddəratını təyinetmə" prinsipi ilə bağlı mövqe ortaya qoydu.

Ermənistan alban əhalisinin Serbiyadan ayrılma hüququnu aldığı Kosovo təcrübəsinə istinad edir. Bu hadisə baş verməsəydi, beynəlxalq ictimaiyyət Azərbaycanın hüququnu dəstəkləyəcəkdi. Mən özüm də Berlində bu qanuni məsələnin müzakirə olunduğu bir çox konfransda iştirak etmişəm”, - deyə alman politoloq qeyd edib.

Rar vurğulayıb ki, qarşıdurma genişmiqyaslı müharibəyə çevrildikdə, qurbanlar əsgər deyil, mülki əhali olduqda, beynəlxalq "mexanizmlər" işə düşür.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası üçün Dağlıq Qarabağ məsələsi indi əsas problemdir. Ancaq dünya güclərinin üç liderinin - ABŞ, Rusiya və Fransanın müharibəni bitirmək çağırışı döyüş əməliyyatlarının dayandırılmasına gətirib çıxarmadı.

“BMT Təhlükəsizlik Şurası, ABŞ, Rusiya, Fransa və Avropa İttifaqı, nəhayət, Türkiyə və ya KTMT-nin girə biləcəyi Qafqazdakı böyük bir müharibəni dayandırmaq üçün fövqəladə tədbirlər görməlidirlər. BMT-nin himayəsi ilə (ATƏT çox zəifdir) sülhməramlı qoşunların gətirilməsi qərarı çətin vəziyyətdən çıxış yoludur. Ancaq bildiyiniz kimi, bunun üçün hər iki tərəfin razılığı lazımdır”.

Seymur Məmmədov
Pərvanə Sultanova

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti