XİN: Ermənistan xarici jurnalistlərin həyatını təhlükəyə atır

  XİN:  Ermənistan xarici jurnalistlərin həyatını təhlükəyə atır
  01 Oktyabr 2020    Oxunub:2640
Ermənistan KİV-i işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Fransanın “Le Monde” qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı məlumat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az-a bildirilib ki, Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq və beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil edir.

“Xatırladırıq ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 27 sentyabr 2020-ci il tarixində rəsmi şəkildə bəyan etdi ki, Azərbaycan Ordusu mülki əhalini və obyektləri hədəfə almır və işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.

Xarici jurnalistlərin məqsədyönlü şəkildə təhlükəli əraziyə aparılması Ermənistan hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar öhdəliklərinə məhəl qoymadığını və xarici jurnalistlərdən özünün qanunsuz təbliğat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə göstərir.

Tərəfimizdən xarici jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər ilə əlaqədar, ilk növbədə Azərbaycan tərəfinin razılığının əldə olunmasını ciddi tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti