Ermənistanın hücumları enerji təhlükəsizliyi üçün təhdiddir

 Ermənistanın hücumları enerji təhlükəsizliyi üçün təhdiddir
  30 Sentyabr 2020    Oxunub:4032
Bizim neft və qaz boru kəmərlərimiz mütəmadi olaraq Ermənistanın təhdidlərinə məruz qalır. Cənub Qaz Dəhlizinin tamamlanması yaxınlaşdıqca bu hücumların intensivliyinin artması təsadüfə oxşamır.
Bunu Azvision.az -a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, hazırda Cənub Qaz Dəhlizinin son tamamlanmamış həlqəsi olan TAP boru kəməri üzrə 98%-a yaxın işlər başa çatdırılıb və biz tarixi bir anın astanasındayıq.

"Cənub Qaz Dəhlizi ilə Xəzər hövzəsindən gələn təbii qaz Avropa və Türkiyənin qaz idxalı mənbələrinin şaxələndirilməsi üçün şərait yaradacaq və bu bölgələrdə iqtisadi inkişaf, sülh və sabitliyin təmin olunmasına mühüm töhfə verəcək. Ermənistan tərəfindən hücumların intensivləşməsi nümayiş etdirib ki, Azərbaycanın dövlət ərazisinin işğalı təkcə öz yurdundan qovulmuş bir milyon Azərbaycanlının iztirabları demək deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün daimi təhdiddir. Beynəlxalq hüququn icbari tələblərinin yerinə yetirilməsi və Azərbaycanın dövlət ərazisindən işğalçı ordunun çıxarılması Ermənistan tərəfindən törədilən təhdidlərin aradan qaldırılması üçün yeganə effektli vasitədir. Beləliklə, hazırda Avropa üçün də mühüm əhəmiyyət kəsb edən neft-qaz infrastrukturumuzun təhlükəsizliyi məhz özünü müdafiə edən Azərbaycan milli ordusunun əməliyyatları sayəsində təmin olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti