“Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır” - Artur Lenk

  30 Sentyabr 2020    Oxunub : 2463
“Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır” -  Artur Lenk
İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk Ermənistanı işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmağa çağırıb.
Azvision.az xəbər verir ki, sabiq diplomat bu barədə müsahibəsində bildirib.

A.Lenk vurğulayıb ki, Ermənistan 1990-cı illərin əvvəllərindən bəri Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağı işğal edib. Son aylarda və həftələrdə daha çox gərginlik baş verib.

"Düşünürəm ki, ötən həftəsonu erməni artilleriyasının Azərbaycanın mülki əhalisinə hücumları, Azərbaycanın öz əhalisini müdafiə tədbirləri İsraildə dərin anlayışla qarşılanmalıdır".

O, hazırda heç bir tərəfi təmsil etmədiyini xatırladıb: “Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapması üçün ciddi danışıqlara ehtiyac var. Ümid edirəm ki, uzun illərdir münaqişənin həlli üçün vasitəçilik edən ABŞ, Avropa İttifaqı və Rusiya tərəflərin atəşkəs əldə etməsinə nail olacaq".

A.Lenk əlavə edib ki, Ermənistanın taktikaları danışıqlar aparmaq deyil, 25 ildən çoxdur davam edən münaqişəni uzatmağa çalışmaqdır.

“Bu, (Dağlıq Qarabağ- red) onların (ermənilərin-red) ərazisi deyil, torpaqlar işğal altındadır. Ermənilər dialoq üçün bir yol tapmalı və işğal olunmuş əraziləri qaytarmalıdır".

İsrailin Dağlıq Qarabağda baş verənlərlə bağlı rəsmi mövqeyinə gəlincə, sabiq diplomat deyib ki, İsrail regional təhlükəsizlik və enerji məsələlərində mühüm tərəfdaş olan Azərbaycanla çox yaxşı əlaqələrə malikdir. İsrailin Ermənistanla da yaxşı münasibətləri var. Biz bu bölgəyə çox diqqət yetiririk və məsələni sülh yolu ilə həll etmək üçün dialoqa çağırırıq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İsrail   Səfir   Qarabağ