İtalyan deputatlar Azərbaycanın mövqeyini dəstəklədilər

  İtalyan deputatlar Azərbaycanın mövqeyini dəstəklədilər
  28 Sentyabr 2020    Oxunub:4016
Ermənistan silhalı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və Azərbaycanın mülki əhalisinin yaşadığı məntəqələrinə hücumları Cenevrə konvensiyalarının pozulmasıdır.
Azvision.az xəbər verir ki, bunu İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidar “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra İtaliya mətbuatına açıqlamasında deyib. İtalyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.

İtalyan senator, habelə Azərbaycan və Ermənistan arasındakı münaqişənin kəskinləşməsindən və yeni böhranın Avropanın kandarında beynəlxalq müdaxilə riskini artırmasından narahatlığını ifadə edib. Canluka Ferrara Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində vəziyyətin daha da pisləşməməsi üçün uzun müddətdir ki, durğun vəziyyətdə olan effektiv danışıqların bərpa edilməsinə dəstəyini ifadə edib, Avropa İttifaqınin diplomatik kanallardan istifadə edərək toqquşmaların dayandırılmasına zəmanət verə biləcəyinə ümid etdiyini deyib.

İtalyan senatorun açıqlaması İtaliyanın İl Tempo, Agenzia Nova, Politicamente Corretto, Adnkronos, Fortune İtalia, Maxim İtalia, Notize Yahoo, Libero Quotidiano, TW News kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

İtaliyanın Agenzia Nova xəbər agentliyinə açıqlamasında İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiyasının sədri, “Liqa” partiyasından olan deputat Rossana Boldi son saatlarda Azərbaycan və Ermənistan arasında silahlı toqquşmaların artmasından böyük narahatlığını ifadə edib.

İtalyan deputat ümidvar olduğunu bildirib ki, İtaliya Minsk Qrupunun üzvü kimi dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanaraq, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən irəli gələrək Dağlıq Qarabağ probleminin sülh yolu və danışıqlar vasitəsilə həlli məqsədilə öz səylərini gücləndirəcəkdir.

Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri, İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasını üzvü, “Liqa” partiyasından olan senator Stefano Lucidi isə bildirib: “Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun sədri kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti boyunca Azərbaycan Respublikasının hərbi mövqelərini və mülki əhalinin yaşadığı məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmasından dərin narahatlığımı ifadə edirəm. Xüsusilə, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi nəticəsində bir ailənin 5 üzvünün öldürülməsinə kədərlənirəm. Dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərini, əsasən də Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq bilərəkdən dinc əhalini və mülki infrastrukturu hədəfə alan Ermənistanın bu vəhşiliklərinə səssiz qalmamalıdır”.

Senator əlavə edib ki, artıq 30 ildir ki, Azərbaycan Ermənistan tərəfindən öz torpaqlarının işğalına görə ədalətsizliyə məruz qalıb və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və onların öz doğma torpaqlarına qayıtmaq hüququ Ermənistan tərəfindən pozulub. “Nə vaxta qədər beynəlxalq ictimaiyyət bu vəziyyətə səssiz qalacaq? Cəzasız cinayətlər yeni cinayətlərə yol açır. Beynəlxalq ictimaiyyət Ermənistandan mülki əhaliyə atəş açmağı dayandırmağı və öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağı tələb etməlidir”, deyə senator Luçidi vurğulayıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanımış sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Münaqişənin siyasi həllinin tapılması istiqamətində tərəflər arasında konstruktiv dialoqun bərpa edilməsi üçün təcili tədbirlər görməsi dair İtaliya hökumətinə müraciət edirəm”, deyə italyan senator fikirlərlərini yekunlaşdırıb.

İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun sədr-müavini, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Assosiasiyasının sədr-müavini, senator Maria Rizzotti isə bildirib ki, İtaliya hökuməti Dağlıq Qarabağda alovlanan vəziyyət qarşısında cəsarətli olmalı və beynəlxalq səviyyədə tanınan Azərbaycanın ərazilərinin toxunulmazlığının müdafiəsinə uyğun mövqe tutmalıdır.

“Belə bir vəziyyətdə futbol köynəyi geyinmək və ya bayraq dalğalandırmaq deyil, BMT qətnamələrinin icrasına əsaslanan beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini nəzərə alaraq qəti bir diplomatik təşəbbüsə dəstək vermək zəruridir. Azərbaycan torpaqlarının işğalı haqqında BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinə, eləcə də hökumətlər tərəfindən aparılan danışıqların nəticəsində Azərbaycan və Avropa İttifaqı münasibətlərinin intensivləşməsinə xidmət etmiş Avropa Şurasının qətnamələrinə hörmət edilməsi vacibdir”, deyə senator bildirib.

İtaliyanın AGİ, Agenzia Nova, Askanews, Agenzia Dire, Italpress kimi agentliklərinə müsahibəsində isə İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Marino isə bildirib ki, dünya COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda Ermənistan tərəfi Azərbaycana qarşı davamlı hərbi təxribatlar törətməklə Qafqazda yeni müharibənin yaranmasına səbəb olur. Senator bildirib ki, bu hərəkətlər bir daha beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətsizliyi göstərir.

“Beynəlxalq ictimaiyyət vaxt itirmədən bu saatlarda həlak olanları nəzərə almaqla Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyini tələb etməlidir”, deyə senator Marino fikirlərini tamamlayır.

Azvision.az


Teqlər: İtaliya   Azərbaycan  





Xəbər lenti