“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı

“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanıldı
  24 Sentyabr 2020    Oxunub:1500
Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb edilərək, onlar üçün Dünya Bankının dəstəyi ilə kiçik bizneslər yaradılacaq. 2020-2025-ci illəri əhatə edəcək layihə üzrə qeyd edilən kateqoriyalardan olan 22 min işsiz şəxsin, o cümlədən bu il 2 min işsiz şəxsin proqrama cəlb edilməsi nəzərdə tutulur.

Layihə 2020-ci il ərzində ilkin olaraq 27 şəhər və rayonu (Bakı şəhəri Binəqədi, Xəzər, Yasamal, Nəsimi, Suraxanı, Xətai rayonları; Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri; Gəncə şəhəri Nizami rayonu; Şəmkir, Tovuz, Qəbələ, Şəki, Masallı, Lənkəran, Xaçmaz, Quba, Yevlax, Bərdə, Göyçay, İmişli, Salyan, Ağdam, Füzuli, İsmayıllı və Şamaxı rayonları) əhatə edəcək.

Layihəyə cəlb edilmək üçün www.e-sosial.az portalında “Məşğulluğa Dəstək Layihəsi” bölməsində qeydiyyatdan keçmək, müraciət formasını doldurmaq, yerli məşğulluq və ya DOST mərkəzlərinə müraciət etmək olar.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti