Daha bir Avropa ölkəsi karantin rejiminə qayıdır

 Daha bir Avropa ölkəsi karantin rejiminə qayıdır
  23 Sentyabr 2020    Oxunub:2486
İsveç hökuməti koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar paytaxtda karantin rejiminin tətbiqi haqqında düşünür.
Azvision.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Ölkənin baş epidemioloqu Adres Teqnell son bir neçə həftə ərzində paytaxtda bütün yaş qrupları arasında yoluxma hallarının artdığını qeyd edib. Hökumət bununla əlaqədar karantin tədbirlərinin tətbiq edilməsinin vacibliyini bildirib.

Stokholm Səhiyyə Departamentinin rəhbəri Born Erikssonun sözlərinə görə, vəziyyət yaz aylarında yaxşılaşdıqdan sonra yenidən artım müşahidə olunub.

"Pandemiya hələ də davam edir və özünü hər şey bitmiş kimi aparan insanları görəndə qəzəblənirəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, İsveç hökuməti COVID-19 ilə əlaqədar ciddi məhdudiyyətlər tətbiq etməyi rədd etdiyi üçün ciddi tənqid olunub. Epidemiya dövründə ölkədə xidmət müəssisələri, məktəblər və uşaq bağçaları fəaliyyət göstərməyə davam edib. Sakinlərə yalnız xəbərdarlıqlar edilib. Bu günə qədər ölkədə 88 mindən çox insan virusa yoluxub, 5,8 min nəfər isə pandemiyanın qurbanı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsveç   Koronavirus  





Xəbər lenti