Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək
Bakının namizədliyinin elan edildiyi ilk gündən Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosu tərəfindən aparılan uğurlu təbliğat işi, həmçinin paytaxtın turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdim edilməsi konfransın Azərbaycanda keçirilməsi hüququnun əldə edilməsi ilə nəticələnib.
Azərbaycan Konqreslər Bürosu tərəfindən irimiqyaslı tanıtım, təbliğat və marketinq kampaniyasının aparılması, Professor Çingiz Rəhimovun göstərdiyi təşəbbüsün hərtərəfli dəstəklənməsi 1000-dən çox xarici iştirakçısı olması gözlənilən konfransın ölkəmizə cəlb olunmasına öz töhfəsini verib.
İşgüzar turizmin inkişafı üzrə bu nailiyyətin əldə edilməsinə Azərbaycan Respublikası Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi tərəfindən böyük dəstək göstərilib.
“Bu cür irimiqyaslı beynəlxalq tədbirlər nəinki ölkəmizin və onun işgüzar turizm imkanlarının tanıdılmasına xidmət edir, eyni zamanda müxtəlif sahələrin inkişafına da öz töhfəsini verir”, - Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva bildirib.
1970-ci ildə əsası qoyulmuş Avropa, eləcə də dünyanın bir sıra başqa ölkələrində yüksək nüfuza malik olan “Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti” kəllə-üz-çənə cərrahiyyəsində müasir üsulların tətbiq olunması üzrə ixtisaslaşaraq sözügedən cərrahiyyə növü ilə bağlı yenilikləri çatdırmaq üçün hər iki ildən bir dünyanın müxtəlif ölkələrində beynəlxalq səviyyəli konfranslar keçirərək üzvlərini bir araya toplayır.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.
Azvision.az
Teqlər: Turizm