11 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - FOTO

11 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur -    FOTO
  10 Sentyabr 2020    Oxunub:3096
Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında İsmayıllı rayonunun 11 yaşayış məntəqəsini birləşdirəcək yeni yol 4 istiqamət üzrə inşa edilir.

Bu, Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir.



Yenidənqurma zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan işlər bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Belə ki, yollar boyu yararsız qrunt qazılıb kənarlaşdırılır, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə qaldırılır.

Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin körpülərin təmiri layihə üzrə həyata keçirilir.



Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da yeni yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək.

Azvision.az


Teqlər: AAYDA   Yol   Təmir   İsmayıllı  





Xəbər lenti