Ukrayna DİN: Ekstremizm ən yüksək həddə çatıb - CANLI YAYIM

Ukrayna DİN: Ekstremizm ən yüksək həddə çatıb - CANLI YAYIM
  26 Yanvar 2014    Oxunub:1238
Ukrayna DİN-in rəhbəri: Müxalifətlə danışıqlar nəticə verməyib, Kiyevdə ekstremizm ən yüksək həddə çatıb
Milisin nümayişçilər və müxalifət deputatları ilə yanvarın 24-ü gecə davam etmiş danışıqları nəticə verməmişdir. Kiyevdəki hadisələr ekstremizmin ən yüksək həddinə çatmışdır. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Vitali Zaxarçenkonun müraciətində deyilir.
Nazir bildirib ki, “Milisin nümayişçilər və müxalifət deputatları ilə gecə davam etmiş danışıqları nəticə verməmişdir. Onlar tutulmuş binaları nəzarətdə saxlayan və zorakılıq aksiyaları təşkil edən radikal qruplaşmalara artıq təsir göstərə bilmirlər.
DİN rəhbəri daha sonra qeyd edib ki, asayiş keşikçilərinin əldə etdikləri operativ məlumatlara görə, Həmkarlar İttifaqları Evində və Kiyev şəhər dövlət administrasiyasında odlu silah toplanır.

V.Zaxarçenko vurğulayıb ki, dünya ictimaiyyəti artıq ekstremist hərəkatın ən yüksək həddinə çatmış bu hadisələrə göz yummamalıdır. Müxalifət liderləri radikal güclərlə əlaqəni kəsməyiblər, lakin artıq onlara nəzarət etmək iqtidarında deyillər və Ukrayna vətəndaşlarını təhlükəyə məruz qoyurlar.

Qeyd edək ki, müxalifət yanvarın 25-də yenidən prezident sarayında prezident Yanukoviçlə danışıqlar aparıb. “UDAR”ın rəhbəri Vitali Kliçko, “Batkivşina”nın rəhbəri Arseniy Yatsenyuk, “Azadlıq” fraksiyasını başçısı Oleq Tyaqnebok görüşdə bir daha növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələblərini səsləndiriblər. Lakin axşam saatlarınadək sürən görüş nəticəsiz bitib.

Siyasilər danışıqlar masası ətrafında çözüm axtardığı dönəmdə isə müxalifət fəalları regionlarda bir neçə inzibati binanı ələ keçiriblər. Bəzi regionlarda milis xalqın tərəfinə keçib. Yanvarın 24-də gecə saatlarında Kiyevdə müxalifətçilər Daxili İşlər Nazirliyinin 2 əməkdaşını girov götürüb. 3-cü milis isə mitinqçilərdən qurtula bilib. Yanvarın 25-də Ukrayna Daxili İşlər Nazirliyi girov götürülən milislərin dərhal azad edilməsini tələb edib. DİN-in bu haqda açıqlamasında bildirilir ki, tələb yerinə yetirilməsə, milislər azad edilməsi üçün xüsusi əməliyyat keçiriləcək.

Donetskdə isə “UDAR” partiyasının yerli bölməsinin fəalları iş adamı Renat Axmetovun evinin qarşısında aksiya keçiriblər. “UDAR”ın yerli təşkilatının rəhbəri Yeqor Firsov aksiyadakı çıxışında deyib ki, Axmetov Ukraynada iqtidarla xalq arasında vasitəçilik edərək siyasi böhrana son qoymağa qadir yeganə şəxsdir. Sitat: “Bu gün əsas məsələ odur ki, prezident Viktor Yanukoviç Avromaydanın səsini eşitsin, aylardır səsləndirdiyimiz tələbləri yerinə yetirərək növbədənkənar prezident və parlament seçkiləri keçirsin. Çünki bu günlər şahidlik etdiyimiz qarşıdurma güclənsə, Ukraynada sonu bilinməyən vətəndaş müharibəsi başlayacaq. Axmetov Ukraynada nüfuzuna görə ölkədə prezidentdən sonra ikinci yerdə dayanır. O, həm də Ukraynanın ən zəngin adamıdır. Onun müəssisələrində 300 mindən çox insan çalışır. Ölkədə hər kəs bilir ki, o, nüfuz dairəsində olan deputatlar, hökumət üzvləri ilə ölkədəki siyasi duruma yetərincə ciddi şəkildə təsir etmək gücündədir. Bir Ukrayna vətəndaşı kimi onu ölkə üçün gərgin və ağır günlərdə seyrçi mövqe tutmamağa çalışırıq”.

Hələlik Renat Axmetov “UDAR”ın vasitəçilik təklifinə cavab verməyib. Onun mətbuat xidmətinin yaydığı açıqlamada yalnız o bildirilir ki, Axmetov ölkədəki böhranın istisnasız olaraq dinc yolla aradan qaldırılmasına tərəfdardır.

Ukraynanın siyasi ekspertləri isə düşünür ki, artıq ölkə elə bir nöqtəyə yaxınlaşıb ki, beynəlxalq vasitəçilərin dəstəyi olmadan böhrandan çıxmaq mümkün olmayacaq. Bir sıra politoloqlar iddia edir ki, müxalifət partiyaları vasitəçilik üçün dünyanın nüfuzlu siyasət adamları ilə danışıqlar aparır.

Məsələn, “Batkivşina”nın rəhbəri Arseniy Yatsenyukun AB-nin komissarı Ştefan Füle ilə danışıqlarında da bu məsələnin müzakirə edilməsi ilə bağlı xəbərlər var. Görüşdən sonra jurnalistlərə açıqlamasında Yatsenyuk bu faktı təsdiq edib: “Ukrayna ciddi siyasi böhran içərisindədir. Biz bir sıra avropalı siyasilərlə böhrandan çıxış yollarını müzakirə edirik. Bizim də fikrimiz belədir ki, beynəlxalq vasitəçilər olmadan siyasi böhranı aradan qaldırmaq mümkün olmayacaq”.

Bu arada Ukraynanın Lvov vilayətinin sakini 45 yaşlı Roman Senik yanvarın 22-də Kiyevdəki qarşıdurma zamanı aldığı yaralardan xəstəxanada keçinib.

AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Senikin döş qəfəsindən ağır yara aldığı bildirilir. Bir neçə dəfə əməliyyat olunsa da, bir əli amputasiya edilsə də, həkimlər onun həyatını xilas eləmək mümkün olmayıb.

Beləliklə, həlak olan etirazçıların sayı 3-ə çatıb.




Teqlər:





Xəbər lenti