İntiharı seçənlərə

İntiharı seçənlərə
  23 Yanvar 2014    Oxunub:1316
Elvin Cəbrayıl

Suicidium, latıncada „özünü öldürmə“ anlamına gəlir və məqsədli şəkildə öz həyatına son qoyma hərəkətinə deyilir. Bu son qoyma həm aktiv həm də passiv formada,yəni həyati önəm daşıyan hərəkətlərin edilməməsi, məsələn vacib sayılan dərmanların atılmaması, qidalanmama, maye qəbul etməmə və s. formada həyata keçirilə bilər.
Səbəblərin hər nə olmasından asılı olmayaraq özünü öldürmə doğurdan da çıxış yoludurmu? Bu suala aydınlıq gətirək. Çox gözəl bir deyim var: „Əgər mübarizə aparırsansa məğlub ola bilərsən, əgər mübarizə aparmırsansa artıq məğlub olmusan!“ Bu bir cümlədə anlaşılmalı olan bir çox nüanslar var.

Öncə mübarizə sözünü izah edək. Mübarizə sadəcə döyüşlərdə deyil, həyatın hər bir hissəsində, hər bir zaman dilimində aparılması gərəkən bir dözüm göstərmə, səbr etməkdir. Məsələn, əgər başımız ağrıyırsa, dərman atar, onun təsiri olmasa həkimə müraciət edərik. O da təsir göstərməsə başımızı qoyub yatmağa çalışarıq. Görüldüyü kimi, edilən tədbirlər baş ağrımızı azaltmırsa, bu özümüzü öldürməliyik deməkdir anlamına gəlmir. Sabah baş ağrımızın yox olması insana yeni doğulmuş kimi hiss bağışlayır, deyilmi?

Məğlub olmaq utanılacaq da bir hadisə deyil. Məğlub ola bilmək üçün bir şərt var: Mübarizə! O olmadan məğlubiyyətin baş verməsi absurddur. Düzdür yuxarıdakı deyimdə „mübarizə aparmayan məğlub olmuşdur“ deyilir. Amma həmin məğlubiyyət mübarizə aparıb məğlub olmaqdan çox fərqlənir. Düşünün, bir ev tikmək istəyirsiniz, amma daş yığmağa getmirsiz və ya işləyib daş almaq istəmirsiz. Və ya isti yuvanızın olmasını istəyirsiniz, amma ailə həyatı qurub övlad sahibi olmaq istəmirsiz. Bu, mübarizə aparmadan məğlub və məhv olmaq deməkdir.

Özünü öldürmə xəstəlik deyil, sadəcə, hər hansı bir həlli olmayan kimi görünən problem və vəziyyətdən çıxış yolu tapmaq deməkdir. Özünü öldürən insanları (ruhi xəstələr xaric) yenidən dünyaya gətirmək imkanı olsaydı, xəstə olmadıqlarını onlar sizə öz dilləri ilə deyərdilər. Demək ki, hər hansı müvəqqəti bir problem insanı insanın özünə qatil edir.

İnsanın bir prinsipi olmalıdır: „Problemin olması problem deyil. Problem, həmin problemin həlli olmasına baxmayaraq, onu həll etmək istəməməkdədir!“.

Əgər problemlər yaşadığımız dünyamızda, cəmiyyətimizdə yaranırsa, həlli də elə olduğumuz cəmiyyət və dünyamızdadır. Onun həllinə çalışmaqdan keçir mübarizə!

Sən Qarabağda anası və ya balası gözlərinin qarşısında öldürülən insanlardan dahamı çox əzab çəkdin? Sənin ürəyin övladına yemək verə bilmədiyi üçün balasının anbaan öldüyünü görən afrikalı ana-atanın ürəyindən çoxmu yandı? Onlar hələ yaşayırlar, mübarizə aparırlar, bəlkə də çox yaxında öləcəklərini bilə-bilə. Bəs Sən?

Sən, ölümünlə bir neçə insanı mənən öldürdüyünü bilirsənmi? Səni sıxan kiçik və həlli olan problemlərin, səni doqquz ay bətnində daşıyıb, doğulduqdan sonra sənə mələk olan ananın göz yaşından, sındırdığın qol-qanadından üstündürmü? O, artıq yaşayan ölüdür, bəs Sən?

Sən kimsən? Sən, sevdiyin qızın sənə „Yox!“ deməsinəmi üzülürsən? Odurmu, səni sonradan boynuna keçib məğlub edəcək olan kəndirə yaxınlaşdıran? Odurmu səni binanın yuxarı mərtəbəsindən aşağı salan? Məşhur misal var, Atamın hər zaman bizə dediyi bir cümləsi var idi: „İki oğlan bir-biri ilə bir qıza görə mübahisə edirlər. Axırda biri digərini bıçaqlayır. Biri gedir yerin altına, digəri həbsxanaya, qız da başqasına ərə!“. Sevdiyin qız üçün mübarizə apar. Amma o mübarizən həyat mübarizəni yıxıb keçməsin. Sən yaradılan ali varlıqsan. Məqsədin ali olmalıdır!

Ölüm gördüyün kimi, sadəcə öldürmək deməkdir. Yaşamaq isə yaşatmaq. Yaşa və yaşat! Edəcəyin xeyirli işləri, yaşlı anana edəcəyin köməyi, „Bala, çox sağ ol!“ deyib kövrəlməsini, onu, alnından öpüb səni uşaq vaxtı qoruduğu kimi qorumağı, səni sevən sevgilinin sənə „səninlə qocalmaq nə gözəldir!“ deməsini, övladlarının „Ata, Ana, səni çox sevirəm!“ deyərək sənin yanaqlarından öpməsini düşün. Düşün və əmin ol ki, özünü öldürmək heç də çıxış yolu deyildir. Hər nə olursa olsun, yaşamağa dəyər! O dəyəri əldən vermə!

Yaşamaq - yaşatmaq deməkdir. Yaşa və yaşat!
Ölüm özü səni tapacaq. Onu sən axtarma!



Teqlər:





Xəbər lenti