İranla enerji sahəsində əməkdaşlıq müzakirə olundu

İranla enerji sahəsində əməkdaşlıq müzakirə olundu
  13 Avqust 2020    Oxunub:3579
Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə elektroenergetika sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov elektroenergetika sahəsində hazırda İranla birgə həyata keçirilən layihələr üzrə görülən işlər və növbəti icra prosesləri ilə bağlı mövqeyini diqqətə çatdırıb, “Azərenerji” ASC ilə İranın “Tavanir” şirkəti arasında imzalanmış “Elektrik enerjisinin alqı-satqı müqaviləsi”nin müddətinin 2020-ci ilədək uzadılmasını bu sahədə əməkdaşlığı dəstəkləyən addım kimi qiymətləndirib.

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də “Ordubad” Su Elektrik Stansiyası layihələrinin icra vəziyyəti müzakirə edilib. Bu layihələr üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq Texniki Komissiyaların iclaslarının yaxın vaxtlarda keçirilməsi qərara alınıb. İranla sərhəd ərazidə elektrik enerjisi stansiyanın tikintisi layihəsi ilə bağlı da müzakirələr aparılıb. Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının hər iki ölkə üçün əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın Konsaltinq və Mühəndislik şirkəti tərəfindən hazırlanmasına dair hər üç ölkənin müvafiq razılıqları əldə edilib. Görüşdə, həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi əməkdaşlığının perspektivlərinə də toxunulub. Bütün məsələlər üzrə təmasların intensiv səkildə davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Azvision.az


Teqlər: Energetika   Nazir  





Xəbər lenti