Aleks Qriqoryevs Bakıda bacarmadığını Kiyevdə edir

Aleks Qriqoryevs Bakıda bacarmadığını Kiyevdə edir
  22 Yanvar 2014    Oxunub:1392
Aleks Qriqoryevsin adı Azərbaycanda çoxlarına yaxşı tanışdır. Ötən ilin yazında Milli Demokratiya İnstitutunun Azərbaycan bölməsinə rəhbərlik edən bu şəxsin ölkədə “feysbuk inqilabı” təşkil etmək üçün 2 milyon dollar ayırdığı iddiası böyük siyasi qalmaqala səbəb olmuşdu.
Həqiqətən də həmin vaxt bəzi radikal gənclər təşkilatlarının fəallaşması müşahidə olunsa da, hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlaya bildilər. Az sonra isə Azərbaycan müxalifəti Rusiyanın çətiri altına keçdi. Ona görə də, Qriqoryevs başqa ölkələrdə etdiyini Azərbaycanda təkrarlaya bilmədi.

Halbuki, onun başqa ölkələrdəki “fəaliyyətini” əks etdirən zəngin portfoliosu var. Gürcüstanda inqilabçılar Aleks Qriqoryevsi “ata”, Moldovada “ali baş komandan”, Ukraynada “demokratiya elçisi”, Rusiyada “baş mitinq nəzəriyyəçisi” adlandırırdılar. Bu insan harda olsa, orada qarşıdumalar yaranır, ayağı dəyən yerdə inqilablar baş qaldırır.

Belə görünür ki, indi Qriqpryevs Azərbaycanda bacarmadığını təzədən Ukraynada etmək istəyir. Belə ki, o, öz facebook səhifəsində Kiyevdəki proseslərlə bağlı aktiv şəkildə materiallar paylaşır. Həmin materiallarda prezident Yanukoviçin guya cinayətkar olduğunu göstərir, “Maydan”a yığışanlara məsləhətlər, tövsiyələr verir, Ukraynanın bölgələrini də paytaxtdakı etirazlara qoşulmağa təşviq etməyə çalışır.

Statuslarının birində mitinqçilərə öyrədir ki, gözyaşardıcı qaz gözə düşəndə nə və necə etmək lazımdır. Başqa postunda mitinqçilərə dərs keçir ki, polisə qarşı hansı hiylələri işlətmək olar. Və maraqlıdır ki, onun fəallığı xeyli yüksəkdir: hər gün onlarla post paylaşır.

Deyəsən, Qriqoryevs Bakıda və Kişinyovda edə bilmədiyini indi Kiyevdə reallaşdırmağa çalışır. Amma bu dəfə hadisələrə Riqadan müdaxilə edir. Görünür, artıq onu yaxşı tandıqları üçün yaxına buraxmırlar.

Tariyel


Teqlər:  





Xəbər lenti