“Cenevrə-2” konfransı fəaliyyətə başlayıb
40-a qədər ölkənin rəsmi nümayəndə heyətinin iştirak edəcəyi beynəlxalq görüşdə məqsəd 2 ildən artıqdır ki, davam edən Suriyadakı vətəndaş müharibəsinin həlli varinatlarının müzakirə olunmasıdır.
Suriyanın “Dəyişiklik və Azadlıq uğrunda Xalq Cəbhəsi” və “Dinc Dəyişikliklər uğrunda Koalisiya Qüvvələri” kimi müxalifət təşkilatlarının nümayəndələri Fatih Camus və Əli Ərəfat bildirblər ki, onlar üçün əsas olan ölkədəki humanitar böhranın həlli, həm də siyasi dəyişikliklərə sülh yolu ilə nail olmaqdır.
Öz növbəsində Suriya Xarici İşlər naziri Valid Muallem ölkə prezidenti Bəşər Əsədin siyasi gələcəyinin rəsmi hakimiyyət üçün “qırmızı xətt” olduğunu və bu xətti keçə bilməyəcəklərini bildirib.
“Prezident və rejim barədə məsələlər bizim üçün və Suriya xalqı üçün“qırmızı xətdir. Heç kəs prezidentlə bağlı məsələyə toxunmamalıdır”- deyə suriyalı nazir bəyan edib.
Öz növbəsində Bəşər Əsəd “Cenevrə-2” konfransından terrorizmlə bağlı konkret nəticələr gözləyir. O, konfrans iştirakçılarını terror ixrac edən və siyasi partiyalara hamilik edən ölkələrə təzyiq göstərməyə çağırıb. Mətbuatın məlumatına görə konfransın ilk günlərində nəticə gözləməyə dəyməz. İlk mərhələdə danışıqlar münaqişə tərəfləri arasında olacaq və 7-10 gün arasında davam edəcək. Qısa fasilədən sonra isə ikinci mərhələ başlayacaq. Danışıqların koordinasiyası BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Laqdar Brahimiyə həvalə olunub.
BMT baş katibi Pan Gi Munun çıxış ilə başlanan “Cenevrə-2” konfransı Sergey Lavrov və Con Kerrirnin çıxışları ilə davam edib.
Bu arada Amerika tərəfinin istəyi ilə Vladimir Putin və Barak Obama arasında telefon danlışığı baş tutub. Tərəflər yenicə açılan “Cenevrə-2” konfransını və İranın Nüvə proqramını müzakirə ediblər.
Vüqar İsmayılov