Livanda faciəyə səbəb olan nitrat nədir?

  05 Avqust 2020    Oxunub : 9812
 Livanda faciəyə səbəb olan nitrat nədir?
“Beyrutda baş vermiş partlayış hadisəsi bütün dünyanı dəhşətə gətirdi. Partlayışın başvermə səbəbləri hələ də müzakirə olunur, ancaq rəsmi sayıla biləcək versiyanı Livanın baş naziri Həsan Diyab səsləndirib: Ehtimal olunur ki, limanın anbarlarında saxlanılan 2 750 ton ammonium nitrat həmin şiddətli parlayışa səbəb olub”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Bəs ammonium nitrat nədir? Ammonium nitrat bizdə Azərbaycanda həm də "selitra" adı ilə tanınır. Azot gübrələrinin bir növü olan selitra hələ Sovet dövründən bəri ölkəmizin kənd təsərrüfatında geniş istifadə olunur və tam olaraq xaricdən idxal olunur.

Yadınızdadırsa, bir müddət əvvəl Sumqayıtda SOCAR-ın yeni Karbamid zavodu istifadəyə verilmişdi. Karbamid də azot gübrəsinin bir növüdür, yəni selitranın alternativi kimi tətbiq oluna bilər və daha təhlükəsiz hesab olunur. Karbamid artıq ölkə daxilində istehsal olunur. Ötən illə müqayisədə bu il ölkə daxilində karbamidin satışları artıq 3 dəfə artıb və çox güman ki, daha da artacaq.

Bu yaxşı xəbərdir. Həm də ona görə yaxşı xəbərdir ki, ölkə idxalı əvəzləyir, valyuta ehtiyatları daha çox ölkə daxilində qalır, ölkədə dayanıqlı iş yerləri stimullaşdırılır və ən əsası - karbamid partlayışa meyilli deyil, yəni bu baxımdan təhlükəsizdir.

Ammonium nitrat gübrə olduğuna görə açıq şəkildə satılır və bəlkə də bu səbəbdən terrorçular bomba düzəltmək məqsədi ilə çox vaxt məhz bu maddədən istifadə edir. Məsələn, bir neçə il əvvəl müsəlman qətliamı ilə məhurlaşan Anders Breivik 1 ton civarında ammonium nitrat tədarük etmişdi. 4 il əvvəl isə Türkiyədə maşında bomba partlayışı ilə terror hadisəsi törədildi. Bu hadisədən sonra qardaş ölkədə məhz ammonium nitrat tərkibli maddələrin qadağan olunması xəbəri yayılmışdı”, - deyə SOCAR rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: SOCAR   Karbamid