İşsizlərin sosial müdafiəsi gücləndirilir

  04 Avqust 2020    Oxunub : 2655
 İşsizlərin sosial müdafiəsi gücləndirilir
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, komitə sədri Musa Quliyev “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişiklik barədə məlumat verib.

Bildirilib ki, ümumilikdə qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb.

Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır.

Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə ilə ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.

Bundan başqa, müxtəlif iqtisadi faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Əmək   Komitə   İşsizlikdən-sığorta