Naxçıvanda 81 istehsal və xidmət sahəsi istifadəyə verilib

Naxçıvanda 81 istehsal və xidmət sahəsi istifadəyə verilib
  29 İyul 2020    Oxunub:2643
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2020-ci ilin birinci yarım ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.
Azvision.az xəbər verir ki, iclasda məruzə edən nazir Tapdıq Əliyev altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Ali Məclisin Sədri tərəfindən İqtisadiyyat Nazirliyinin qarşısına qoyulan mühüm vəzifələrdən danışıb. Qeyd olunub ki, 2020-ci il muxtar respublikamızda “İxrac ili” elan olunub. Bu isə ixracın potensialının artırılması və sahibkarlığa dövlət dəstəyi göstərilməsini aktuallaşdırır.

Nazir bildirib ki, muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin 6 ayında da uğurla davam etdirilib. Bu dövrdə ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 310 milyon 168 min 700 manat olub. Bu da 1 il öncəki göstəricidən 1,1 faiz çoxdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutub.

Qaynaq çubuğu, su əsaslı boya, plastik səbət, mineral sular, soyuducu anbar, istixana, heyvandarlıq təsərrüfatlarını əhatə edən 12-si özəl investisiya olmaqla 81 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yeni yaradılan sahələrdə 352 iş yeri açılıb. Ötən dövr ərzində fəaliyyəti genişləndirilən “Gəmiqaya Plasmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti, Naxçıvan Avtomobil Zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti və yenidən qurulan “Badamlı” Mineral Sular Zavodu yeni iş yerlərinin açılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığının əyani ifadəsidir.

Vurğulanıb ki, 2020-ci ilin ötən dövründə 26 ailə təsərrüfatına 231 min 600 manat dövlət dəstəyi göstərilib. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırıb, 2020-ci ilin ilk yarım ilində muxtar respublikadan 40 milyon 629 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunub. Ənənəvi ixrac bazarları ilə yanaşı muxtar respublikada fəaliyyət göstərən şirkətlər tərəfindən Oman Sultanlığı, Belçika Krallığı kimi ölkələrə vafli və tütün məmulatları ixrac edilib.

Sonra məruzə ətrafında nazirliyin əməkdaşlarının çıxışları dinlənilib. Kollegiya iclasına muxtar respublika sahibkarları da onlayn olaraq qoşulub. İclasın sonunda qərar layihəsi oxunub və Tədbirlər Planı təsdiq edilib.

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat  





Xəbər lenti