BMT İrana təklifini geri götürdü

BMT İrana təklifini geri götürdü
  21 Yanvar 2014    Oxunub:932
BMT Suriya ilə bağlı keçiriləcək “Cenevrə-2” konfransında İranın iştirak etməsi üçün göndərdiyi dəvəti geri götürüb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İran Suriyadakı münaqişə ilə bağlı keçiriləcək beynəlxalq görüşdə iştirak etməyəcək.

BMT Baş Katibinin rəsmi nümayəndəsi Martin Nesriki təşkilatın İrana göndərdiyi dəvəti geri götürdüyünü açıqlayıb. Onun sözlərinə görə, Cenevrə kommunikesində Suriya münaqişəsinin həlli ilə bağlı göstərilən ümumi prinsiplərə İranın yanaşması fərqlidir.

İranın BMT-dəki rəsmi nümayəndəsi Məhəmməd Həzai İslam Respublikasının konfransda iştirak etməsi üçün heç bir ön şərti qəbul etməyəcəyini açıqlamışdı.

“Əgər İranın iştirakı Cenevrə kommunikesi ilə bağlıdırsa, onda ölkəmiz bu konfransda iştirak etməyəcək”- deyə Həzai ölkəsinin mövqeyini açıqlamışdı.

Xatırladaq ki, Cenevrə kommunikesinin əsas şərtlərindən biri Suriyada bütün qanunverici hakimiyyəti özündə cəmləşdirən keçid hökumətinin yaradılması idi.

Bəzi Qərb diplomatları isə İranın əslində konfransda iştirakdan imtina etdiyi fikrindədir. Suriyanın BMT-dəki rəsmi nümayəndəsi Bəşər Cəfəri isə hələ qərar verməyin tez olduğunu bildirib.

“Mənim sizə səmimi məsləhətim: bu işə çox vaxt sərf etməyin. Onlar (iranlılar) orada (konfransda) olacaq”.

Qeyd edək ki, Cenevrə-2 konfransında İranın iştirak edəcəyi təqdirdə təmsil olunmayacağını bəyan edən Azad Suriya Ordusu BMT-nin son qərarından sonra yenidən Cenevrəyə nümayəndələrini göndərəcəyini bildirib.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti