Azərbaycanın xarici balansı qiymətləndirilib

Azərbaycanın xarici balansı qiymətləndirilib
  03 İyul 2020    Oxunub:1843
Azərbaycanın Cari Əməliyyatlar Balansı qlobal əmtəə bazarlarında yaranan şokun və pandemiyanın təsiri altında olsa da, bu ilin ilk rübündə müsbət saldonu qoruyub.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, cari əməliyyatlar balansına fiskal siyasət orta müddətdə, monetar siyasət isə qısa müddətdə təsir göstərir.

"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Beynəlxalq Valyuta Fondunun Xarici Balansın Qiymətləndirilməsi (EBA-lite) metodologiyası əsasında Azərbaycanın cari əməliyyatlar hesabı təhlil edilib. Azərbaycanın cari əməliyyatlar hesabına indiki halda iki tsiklik təsir var: biznes tsiklinin və neft qiymətləri tsiklinin təsiri. Hər iki tsikl enmə mərhələsində olduğundan cari əməliyyatlar hesabına mənfi təsir göstərir. Nəticədə bu ilin ilk rübündə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə azalaraq 646,3 milyon dollar təşkil edib. Bu enmə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisitinin 19,2% azalması, qeyri-neft sektoru üzrə isə kəsirin 28,4% artması hesabına olub".

V.Qasımlı bildirib ki, cari əməliyyatlar balansına tsiklik tənzimlənən (cyclically-adjusted) komponent də təsir göstərir:

"Buna tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması deyilir. Bu göstəricini formalaşdıran aşağıdakı sahələrdə siyasət fərqləridir (policy gap): fiskal balans, səhiyyə xərcləri, monetar siyasət, kapital axınlarına nəzərət və s. Siyasət fərqi dedikdə, məsələn, həm ölkənin planladığı və mövcud olan fiskal siyasətləri arasındakı fərq, həm də ölkənin fiskal siyasəti ilə başqa ölkələrin fiskal siyasəti arasında olan fərq başa düşülür. Siyasət fərqləri və reqresiya tənliyinin qalıqlarını toplayanda tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması alınır. Bizim hesablamalarımıza görə, 2019-cu ildə Azərbaycanda Cari Əməliyyatlar Balansı faktiki olaraq ÜDM-in 9,7%-i, tsiklik tənzimlənən Cari Əməliyyatlar Norması isə 10%-i həcmində olub və 2018-ci illə müqayisədə müvafiq olaraq 3,2% və 2,7% azalıb. Cari Əməliyyatlar Balansına fiskal balans, ictimai səhiyyə xərcləri, özəl kredit, kapital axınlarına nəzarət, ehtiyatların dəyişməsi üzrə siyasət fərqləri nəticə etibarı ilə cəmi -0,03% təsir göstərib.

2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri əsasında hesablandıqda -31,1% hədəfə qarşı -26,6% təşkil edib. Bu nisbətin azalması Cari Əməliyyatlar Balansına müsbət təsir edir. 2019-cu ildə tədiyə balansı neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.

2019-cu il üçün Azərbaycanda Cari Əməliyyatlar Balansının EBA-lite metodologiyası ilə hesabalanan dəyəri onun faktiki dəyərindən 1,6 faiz yüksəkdir. Bu isə onu göstərir ki, bizdə milli valyutanın real effektiv məzənnəsi yüksək qiymətləndirilib. Keçən il manatın real effektiv məzənnə kəsiri (REER Gap) 13,3% təşkil edib. Bu ilin ilk 6 ayında Cari Əməliyyatlar Balansında kəsirin yaranma ehtimalı və manatın nominal məzənnəsinin ticarət partnyoru olan ölkələrlə müqayisədə yüksəlməsi milli valyutanın real effektiv məzənnəsinin daha da bahalaşmasını deməyə əsas yaradır”.

Azvision.az


Teqlər: Vüsal-Qasımlı  





Xəbər lenti