Bakıda dağıstanlı və yerli güləşçilər arasında dava

Bakıda dağıstanlı və yerli güləşçilər arasında dava
  25 Dekabr 2013    Oxunub:1490
Bakıda sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Böyüklər arasında keçirilən və “Sərhədçi” İdman-Olimpiya Mərkəzində baş tutan çempionat dünən başa çatıb.
Çempionatın bağlanış günü isə kütləvi dava ilə yadda qalıb. AzVision.az xəbər verir ki, Virtualaz.org saytı bu barədə həmin davanın şahidlərinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, görüşlərin birində idmançılar arasında gərginlik yaşanıb. Azərbaycan vətəndaşlığını qəbul etmiş Dağıstan əsilli legionerlə yerli güləşçilərimizdən biri arasında keçirilən görüşdə əsəbləri gərilən idmançılar elə döşək üzərindəcə yumruq davasına çıxıblar. Bu davaya güləşçilərin zalda olan yaxınları və dostları da qarışıb.

Bundan sonra dağıstanlılarla azərbaycanlılar arasında kütləvi dava başlayıb. Xəbərlərə görə, dava zamanı soyuq silahlar da işə düşüb və bıçaqlananlar da olub. Bıçaq xəsarəti alanlar Dağıstan vətəndaşları olub.

Davaya səbəb olan idmançıların şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. Tərəflər arasında xeyli sayda xəsarət alan və yaralananların olduğu deyilir.

Davaya qoşulan çoxsaylı adamları isə hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşları sakitləşdirib. Bu zaman tərəflər arasında saxlanılanlar da olub. Əldə etdiyimiz məlumata görə, faktla bağlı istintaq aparılır.

Məsələ ilə bağlı virtualaz.org-a açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayis Musayev yarış zamanı idmançılar arasında doğrudan da insident yaşanması faktını təsdiqlədi: “Görüşlərin birində idmançılar arasında gərginlik yaşandı. Təşkilatçılar hadisəyə müdaxilə etdikdən sonra tərəflər sakitləşdirildi”.

M.Musayev insidentlə bağlı əlavə məlumat verə bilməyəcəyini söylədi.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləsə də əlavə məlumatın daha sonra veriləcəyini söylədi.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur.


Teqlər:  





Xəbər lenti