M. Hüseynzadənin Sloveniya abidəsindən FOTOLAR

  22 Dekabr 2013    Oxunub : 2853
M. Hüseynzadənin Sloveniya abidəsindən FOTOLAR
Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibətilə Sloveniyanın Çepovan qəsəbəsində memorial abidənin açılışı olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, dekabrın 21-də Sloveniyanın Nova Qoritsa regionunda Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi, Sloveniyanın Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş silsilə tədbirlərdə Sloveniyanın müdafiə naziri Roman Yakiç, Azərbaycanın Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Vaqif Məmmədov, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycanın Avstriya, Macarıstan, Polşa, Xorvatiyadakı səfirləri, ARDNŞ-nin Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov, Oğuz rayonunun icra başçısı Eyvaz Qurbanov, Mixaylonun ailə üzvü Fuad Əlizadə, Mixaylo ilə çiyin-çiyinə döyüşmüş silahdaşları, Sloveniya ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak edib.

Nümayəndə heyəti ilk olaraq Mehdi Hüseynzadənin həlak olduğu və abidəsinin ucaldıldığı Nova Qoritsa rayonunun Şempas qəsəbəsinə gəlib, burada abidə önünə əklil qoyulub və onun xatirə muzeyinə baş çəkilib, xatirə kitabına ürək sözləri yazılıb.

Sonra nümayəndə heyəti Çepovan qəsəbəsində qardaşlıq qəbiristanlığında uyuyan Mehdi Hüseynzadənin məzarını ziyarət edib. Burada yaradılmış yeni memorial abidənin açılışı oldu. Memorial abidə ARDNŞ ilə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə yaradılıb.

Azərbaycanın Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Vaqif Məmmədov çıxışında yerli sakinləri salamlayaraq, bugünki mərasimdə çoxsaylı iştiraklarına və M. Hüseynzadəynin xatirəsinə göstərilən sevgi və ehtirama görə onlara təşəkkür edib. M. Hüseynzadənin Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus yerə malik olduğunu qeyd edən V. Məmmədov onun həyatı, gəncliyi və təhsil illəri, xüsusilə də keçdiyi döyüş yolu barədə danışıb.

Bildirilib ki, nasist Almaniyasının əsirliyində olan M. Hüseynzadə 1943-cü ildə digər legionerlərlə birlikldə Balkan yarımadası və İtaliya ərazisində Müttəfiq qoşunlarına qarşı döyüşlərə göndərilib. Burada yerli partizan birləşmələri ilə əlaqəyə girən M. Hüseynzadə alman ordusundan qaçaraq 30-cu briqadanın 9-cu korpusu tərkibində fəaliyyət göstərən partizan dəstələrinə qoşulub. Sloveniya və İtaliyanın həmsərhəd regionlarında alman ordusuna qarşı diversiya əməliyyatlarının hazırlanması və həyata keçirilməsində, mürəkkəb kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsində, mülki əhalinin qorunmasında, düşmənin hərbi və canlı qüvvəsinin məhv edilməsində xüsusi xidmətləri olan M. Hüseynzadə həm silahdaşları, həm də yerli əhalinin sevimlisinə çevrilir, onu ələ keçirməyə çalışan alman ordusu Mixaylo ləqəbi ilə tanınan qəhrəman partizanın tutulması üçün böyük məbləğdə mükafat təyin edir. 1944-cü il noyabrın 16-da Vitovlye kəndi yaxınlığında gedən döyüşlərdə həlak olan Mixaylonun şanlı döyüş yolu müharibənin bitməsinə bir neçə ay qalmış yarımçıq qalır. 1957-ci ildə M. Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verilib. 1958-ci ildə ölməz qəhrəmana həsr olunan „Uzaq sahillərdə“ filmi lentə alınıb, 1973-cü ildə isə ona Heydər Əliyevin səyləri nəticəsində Bakıda abidə ucaldılır. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə 2007-ci ildə Nova Qoritsa rayonunun Şempas qəsəbəsində M. Hüseynzadənin büstünün açılışı olub.

M. Hüseynzadənin xatirəsinin həm Azərbaycan, həm də sloven xalqlarının xatirəsində əbədi yaşayacağını vurğulayan V. Məmmədov bu kimi qəhrəmanların həyatı və döyüş yolunun gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oyanacağını qeyd edib. V. Məmmədov çıxışının sonunda Mixayloya olan sadə və saf sevgini qəlblərində yaşatdıqlarına görə yerli əhaliyə səmimi təşəkkürünü bildirir.

ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov çıxışı zamanı özünün uşaqlıq illərinin İkinci dünya müharibəsinin nəticələrinin aradan qaldırıldığı, uşaq və gənclərin müharibə qəhrəmanlarının döyüşkən ruhunda böyüdüldüyü dövrə təsadüf etdiyini qeyd edərək həmin qəhrəmanlar arasında M. Hüseynzadənin xüsusi yerinin olduğunu söyləyib. M. Hüseynzadənin qəhrəmanlığı bütün Sovet İttifaqı ərazisində dillər dastanı olub, Azərbaycanda isə əsl igidlik nümunəsi kimi sevilə-sevilə yad edilir. O, xoşbəxt olduğunu bildirib ki, Azərbaycan bəşəriyyətə M. Hüseynzadə kimi şanlı şəxsiyyət və qəhrəman oğul bəxş edib və onun xatirəsinin sloven xalqı tərəfindən sevilməsi xüsusilə qürurvericidir.

Sloveniyanın müdafiə naziri Roman Yakiç də çıxışında Azərbaycan və sloven xalqlarının böyük oğlu M. Hüseynzadənin yubileyində iştirak etməkdən böyük qürur hissi keçirdiyini deyir. Nazir qeyd edib ki, İkinci dünya müharibəsində sloven xalqının alman nasizmindən azad olmasında partizan hərəkatının xüsusi çəkisi olub, bu azadlıq M. Hüseynzadə kimi partizanların, ümumilikdə isə 140 min insanın qanı bahasına əldə olunub. Öz keçdiyi döyüş yolu sayəsində qəhrəmanlıq tarixi yazan Mixaylo eyni zamanda öz adını nəinki silahdaşlarının, eyni zamanda bütün sloven xalqının qəlbinə yaza bilib. Ölümündən onilliklər ötsə də, hər iki ölkə arasında dostluq bağlarının möhkəmlənməsində Mixaylo fenomeni öz sözünü deməkdədir.

Yekunda Lublyana şəhərinin imamı Senad Karışık Mehdi Hüseynzadənin ruhuna „Fatihə“ oxuyub və onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmin gün Nova Qoritsa şəhərində „Perla“ mehmanxanasında yubiley münasibətilə konfrans keçirilib.

Foto


Teqlər: