Milli Qəhrəman Riad Əhmədovun xatirəsi anıldı

Milli Qəhrəman Riad Əhmədovun xatirəsi anıldı
  21 Dekabr 2013    Oxunub:1883
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsi böyük ehtiramla anılıb.
Dekabrın 20-də - Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun doğum günündə onun xatirəsinin yad olunması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Həmin gün əvvəlcə Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun adını daşıyan 203 nömrəli tam orta məktəbə və Milli Qəhrəmanın yaşadığı binaya vurulmuş xatirə lövhələrinin təntənəli açılışı olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Milli Qəhrəmanın xatirəsinə həsr edilmiş tədbir Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində davam edib.

Mədəniyyət Mərkəzinin foyesində Qarabağ uğrunda döyüşlərdə fədakarlıq, qəhrəmanlıq, şücaət göstərən, cəsurluq simvoluna çevrilən mərd, igid kəşfiyyatçı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr edilmiş kitablar sərgilənmiş, film və radiopyesin diskləri nümayiş olunub.

Tədbirdə əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilib.

Mərasimdə Milli Qəhrəmanın həmkarları adından Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək Riad Əhmədovun dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətindən danışdı.

Ziya Yusifzadə qeyd edib ki, Riad Əhmədov israrlı şəkildə Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işləmək arzusunda idi və babasının yolunu davam etdirərək kəşfiyyatçı olmaq istəyirdi.
O bildirdi ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən R.Əhmədov 1980-ci ildən dövlət təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmət qəbul edilərək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin müvafiq əmri ilə DTK-nın ali kurslarına qəbul olunub. Təhsil aldığı ilk günlərdən başlayaraq o, müəllim heyətinin və tələbə yoldaşlarının hörmətini qazanmış, son dərəcə yüksək keyfiyyətləri ilə seçilib.

Ziya Yusifzadə deyib ki, R.Əhmədov təhsilini başa vurduqdan sonra Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında qısa müddətdə işgüzarlığı, yüksək peşəkarlığı ilə seçilərək irəli çəkilmişdir. O, bu dövrdə SSRİ DTK-nın Y.Andropov adına İnstitutunda kəşfiyyatın rəhbər və əməliyyat heyətinin təkmilləşdirilməsi üzrə kurslarını da bitirib.

Diqqətə çatdırıldı ki, müstəqil Azərbaycanımızın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı ilk illərdən Riad Əhmədov digər vətənpərvərlər kimi, ön cərgədə olmuşdur. Vətən torpağının bütövlüyü naminə tez-tez cəbhə bölgəsinə ezam olunan R.Əhmədov qüsursuz xidmətinə və göstərdiyi igidliyə görə dəfələrlə mükafatlandırılıb.

Erməni qəsbkarlarının işğal etdikləri Vətən torpağının hər qarışı uğrunda döyüşə hazır olan Riad Əhmədov 1992-ci il yanvarın 2-də döyüş əməliyyatlarında daha yaxından iştirak etmək üçün Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. R.Əhmədov Şuşa, Goranboy, Füzuli, Əsgəran Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına mübarizə aparıb.

General-leytenant Ziya Yusifzadə onu da əlavə etdi ki, ürəyi daim Vətən eşqi, sevgisi ilə döyünən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik- leytenant Riad Əhmədovun şərəfli və şanlı döyüş yolu gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində bir örnək olaraq bu günümüz və sabahımız üçün son dərəcə qiymətli və təqdirəlayiqdir.

Xatirə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Milli Qəhrəmanın orta məktəb və gənclik dostları adından çıxış edən Əli Əsədov igid kəşfiyyatçı ilə bağlı unudulmaz xatirələrini bölüşdü.

Riad Əhmədovun olduqca sadə, gülərüz, dost canlı, səmimi, mehriban bir insan olmasından ürək dolusu söz açan natiq onun kimi oğullara Vətənin həmişə ehtiyac duyduğunu söylədi.

O, bildirdi ki, qəhrəmanlığa aparan yolda heç bir maneə yoxdur, bu fəxri adı hər kəs qazana bilər. Bir şərtlə ki, da Riad Əhmədov kimi Vətəni sevsin, fədakar olsun, düşmən üzərinə cəsarətlə yerisin, hərbi tapşırıqları yerinə yetirmək üçün heç nədən çəkinməsin. 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə xəyanət nəticəsində uğursuzluqla başa çatan Daşaltı əməliyyatı Riad Əhmədovun və onun bir çox silahdaşlarının son döyüşü olmuşdur. Mühasirəyə düşmələrinə baxmayaraq, Riad Əhmədovun başçılıq etdiyi dəstə fədakarlıq göstərmişdir. Yaralı olan Riad Əhmədov rabitə əlaqəsi yaradaraq ağır döyüşlər getməsi və itkilər olması barədə müvafiq instansiyalara xəbər verə bildi.

Yaxın dostu Riad Əhmədov ilə bağlı kövrək, qəlb titrədən xatirələrini dilə gətirən Əli Əsədov daim onu andıqlarını, onunla fəxr etdiklərini söylədi.

Milli Qəhrəman haqqında poemanın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq Şairi Fikrət Qoca igid kəşfiyyatçıya həsr etdiyi şeirlərdən danışmış, onun ailəsinin yüksək intellektinə, dünyagörüşünə heyran qaldığını söylədi.

Xalq Şairi qeyd etdi ki, Riad Əhmədov ölməyib, o, Qarabağa gedib və son qarış torpaqlarımızın azad olunacağı günədək düşmənlə döyüşəcəkdir. Riad Azərbaycan xalqının o əfsanəvi qəhrəmanlarındandır ki, onlar əbədiyaşardır. Onlar xalqın ümidi kimi ölməzdir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin məsul əməkdaşı Tofiq Qəmbərov cəbhə dostları və döyüş yoldaşları adından danışaraq Riad Əhmədov ilə birgə Vətən torpağının azadlığı uğrunda apardıqları mübarizədən söz açdı. 1990-cı ilin əvvəllərində Dövlət Təhlükəsizlik orqanlarının şəxsi heyətindən əsasən könüllülük prinsipi üzrə formalaşdırılmış xüsusi təyinatlı dəstə yaradılıb. Riad Əhmədovu həmin dəstənin tərkibində görəndə çoxları təəccübləndi. Azərbaycandakı ən tanınmış ziyalı ailələrinin birinin yeganə oğul övladı könüllü olaraq odun-alovun içinə gedirdi. Etiraf edək ki, b, adət etdiyimiz epizodlardan deyildi. Təlim müddətində R.Əhmədovu yaxından tanımaq imkanı qazandıq. Əmin olduq ki, Riadı Vətənini və xalqını sevən bir insan kimi tərbiyə etmişlər. Onu könüllülər cərgəsinə gətirən məhz həmin keyfiyyətləri idi. Biz təlimləri başa vurduqdan dərhal sonra Qaraçinar və Şəfəq kəndlərində gedən ağır döyüşlərə qatıldıq. Həmin gərgin situasiyada Riad Əhmədov özünü qorxmaz döyüşçü və tədbirli komandir kimi göstərdi. O, ümidsiz görünən vəziyyətlərdə belə nikbinliyini itirmir, zarafatları ilə uşaqlara dəstək olur, onlara güc verirdi. Həmin əməliyyatlar nəticəsində xeyli yaşayış məntəqələrimiz - Erkəc, Buzluq, Mənəşid kimi kəndlərimiz erməni yaraqlılarından təmizləndi və bu ərazilərdə Azərbaycan dövlətinin nəzarəti bərpa olundu.

Əməliyyatlarda Riad Əhmədov özünü qorxmaz, qəhrəman kimi göstərmişdir. Bu keyfiyyətlərinə görə hər birimiz igid döyüşçüyə hörmət bəsləməklə bərabər, onu bir qardaş kimi də sevirdik. Riad vətənpərvər, alicənab, doğrudan da fəxr ediləsi insan idi. R.Əhmədovun başçılıq etdiyi xüsusi təyinatlı kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edə bilmişdi. Buna görə də qısa vaxtda onun barəsində əfsanələr yayılırdı. Bütün bunlar elə bil dünən olmuşdur. Bu gün isə Riad aramızda deyil. Bu fiziki mənada belədir. Əslində Riad onu tanıyanların hər birinin yaddaşında olduğu kimi, həm də yanındadır.

Xatirə lövhələrinin müəllifi, Xalq Rəssamı Fuad Salayev Milli Qəhrəmana həsr edilmiş lövhələri yaradarkən onun qəhrəmanlığını, şücaətini, qorxmazlığını önə çəkdiyini söylədi.

Fuad Salayev çıxışında dedi ki, belə qəhrəmanların igidliyi heç bir çərçivəyə sığmır, onların qəhrəmanlığı haqqında nə qədər yazılsa da, deyilsə də yenə azdır.

Tədbirdə Milli Qəhrəman Riad Əhmədov adına 203 nömrəli məktəbin direktoru Dürdanə Məmmədova demişdir ki, məktəb bu gün tədrislə yanaşı, həm də gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Bizim şagirdlərimiz hər gün məktəbə gələndə R.Əhmədova aid guşə ilə qarşılaşırlar. Şagirdlərimiz hər dəfə onu yad edir, fəaliyyəti, həyat yolu ilə tanış olurlar. Təbii ki, bu, onların vətənpərvərlik hissini coşdurur, onları Riad Əhmədov kimi yaşamağa, Vətəni onun kimi sevməyə və xidmət etməyə sövq edir.

Bu gün bizim üçün olduqca əlamətdar gündür. Çünki məktəbimizin ən görkəmli yerində Milli Qəhrəman Riad Əhmədovun barelyefinin açılışı olub.

Mərasimdə çıxış edən Milli Qəhrəmanın həyat yoldaşı Elmira Əhmədova demişdir: “Bu gün bizim ailəmiz üçün unudulmaz və əlamətdar bir gündür. Biz Vətənin rifahı, ölkənin müstəqilliyi, xalqın xoşbəxtliyi naminə canını qurban vermiş qəhrəmanlarımızı xatırlayırıq. Hər qəhrəman və qəhrəmanlıq hadisələri fərdidir, lakin onların hər birini böyük ruh yüksəkliyi, ədalətə cəhd, borc hissi, Vətənə məhəbbət duyğusu birləşdirir. Belə yüksək keyfiyyətlər insanda varsa, özünü sınaq məqamlarında göstərir. Bu gün Riad Əhmədovun doğum günüdür, hamımız onu ehtiramla xatırlayırıq.

Riadın həyatı – vicdan və şücaət, Vətənə təmənnasız xidmət nümunəsidir. Vətənini şəxsi marağından üstün tutan R.Əhmədov gələcək nəsillərin firavanlığı üçün öz canından keçmişdir.
Biz Azərbaycanın bugünkü uğurlu inkişafını görəndə düşünürük ki, qəhrəmanlarımız əbəs yerə canlarından keçməyiblər”.

E.Əhmədova vurğuladı ki, Riad Əhmədovun ömür yolu və qəhrəmanlığı müstəqil Azərbaycanın gənclərinə nümunə və istiqamət olmalıdır. Onlar da Vətəni və xalqı həmin qəhrəmanlarımız kimi sevməlidirlər. Keçmişimizin qəhrəmanlıq səhifələri Vətənimizin yeni müdafiəçilər nəslini ruhlandıran ən mühüm amildir. Hər abidə, memorial lövhə - ümummilli xarakterin dəyərlər simvolu və prioritetləridir. Bu da ölkəmizin gələcəyi üçün çox önəmlidir. Bu gün biz Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuş memorial lövhənin açılışının şahidi olduq. Riad bu evdə yaşamış, uşaqlarımız burada dünyaya gəlmiş, bu evdən cəbhəyə getmiş və qayıtmamışdır. Bu barelyefin açılışı ilə Riad öz doğma evinə dönmüşdür.
İgid kəşfiyyatçının həyat yoldaşı Azərbaycan Milli Qəhrəmanı Riad Əhmədovun xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.

Natiq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya xalqımızın milli mənəvi dəyərlərinin qoruması istiqamətində həyata keçirdiyi layihələrə görə minnətdarlıq etdi.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın bacısı Mehriban Əhmədova demişdir ki, qardaşım Azərbaycanımızın ilk milli qəhrəmanlarındandır. Tanıyanlar onu “alovlu vətənpərvər” adlandırırdılar. Riad kimi vətənpərvərlərin həyat və döyüş yolları indiki gənclərimizə örnəkdir.
M.Əhmədova vurğulamışdır ki, bizim üçün Riadın yoxluğunu yaşamaq, hiss etmək çox çətindir. O, bu gün sanki yenidən həyata qayıtdı. Ona həsr olunmuş bu tədbir bir daha sübut etdi ki, Vətənin azadlığı uğrunda canlarını fəda edənlər heç vaxt unudulmur.

Qəhrəmanın bacısı ailələri adından tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirdi.

Tədbirin sonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ekranlaşdırdığı “Qayıt Riad” bədii-sənədli filmi nümayiş olundu.

Film bir daha hər kəsi Vətəni, torpağı Riad Əhmədov kimi ürəkdən, təmənnasız sevməyə, qorumağa səsləyir.


Teqlər:





Xəbər lenti