2013-cü il kimin yadında necə qaldı? - SORĞU

2013-cü il kimin yadında necə qaldı? - SORĞU
  20 Dekabr 2013    Oxunub:3433
İllər xatirəyə çevirir səni...Tək sənimi? Məni, onu, bizi, hamımızı.
Bəlkə də, bir xatirəyə çevrilmək üçün gəlmişik bu dünyaya. Ya da, bir küncdə dayanıb illərin necə keçdiyinin şahidi olmaq üçün.

İllər sürətlə keçir. Kiminə toxunub keçir bu illər, kimininsə yanından yel olub keçir...

Yenə bir ili geridə qoyuruq. Qarşıdan Yeni il gəlir. Bəs görəsən, bu il nələr ilə yadda qaldı? Kimin yaddaşında necə qaldı?

AzVision.az tanınmış şəxslər arasında sorğu keçirib.

“Sonuncu dayanacaq” filmində rol aldım”



Ağaxan Salmanlı, aktyor

-Ötən il maraqlı keçdi, darıxdırıcı olmadı, ruzulu oldu, ev-eşikdə əmin-amanlıq oldu. Bircə ölkəmiz də müharibəyə son qoysaydı, hamının üzü birdəfəlik gülərdi. Amin!İlin başlanğıcında...fevralın axırı Mingəçevir teatrında uğurlu bir tamaşa verdik. Uşaqlarçün -"Tıq-tıq xanım".
Bizim sənət kollektiv sənət olduğundan bu tamaşanı bütün yaradıcı kollektivin uğuru sayıram, o baxımdan ilk səhnə tərtibatına quruluş verən, nəvəm Ləman Mətin Salmanlının da uğuru oldu. Səhnə tərtibatı hamı tərəfindən teatr və tamaşaçı tərəfindən çox bəyənildi, uğurlu sayıldı. Ardınca bir daha sevincli hadisə baş verdi ki, o da Ləmanın Rəssamlıq Akademiyasına yüksək balla daxil olması oldu. İstədiyi dizayner fakültəsinə, özü də dövlət hesablı, yəni əla oxuyur, tələbə təqaüdü alır.

Bu sevincimiz bitmədən, yenisi gəldi, Allah hamını sevindirsin: məni "Azərbaycanfilm"kinostudiyası yeni çəkilən "Sonuncu dayanacaq" filmində şair Süleyman roluna təsdiqlədi və çəkildim. Yaradıcı heyətdən gələn rəyə əsasən əla alınıb! Şükürlər!!! Yeni ilin sifarişləri artıq gəlməkdədir-yeni tamaşalara verəcəyim quruluşlar vaxtını gözləyir.

Bir də, Rəssamlıq Akademiyasına öz bacarığı və istedadı sayəsində daxil olduğuna görə nəvəm Ləmana söz vermişəm ki, onu Fransaya məşhur Luvr muzeyinə baxmağa göndərəcəyəm. Bu məndən hədiyyə olacaq. Yeni il hamıya sevinc ,uğur, rahatlıq gətirsin! AMİN!”

“Oğlum magistraturanı bitirdi”



Aydın Mirzəzadə, millət vəkili

-Bir Azərbaycan vətəndaşı kimi 2013-cü il mənim yadımda Azərbaycanın böyük uğurları ilə qaldı. Azərbaycan kosmik dövlətlər klubuna daxil oldu. Fəzaya özünün ilk rabitə peykini göndərdi. Azərbaycan Avropanın enerji təchizatını təmin edən "Şahdəniz 2" layihəsinə imza atdı.

Bu il eyni zamanda Azərbaycanda prezident seçkiləri idi. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin yenidən prezident seçilməsi ilin əhəmiyyətli hadisələrindən sayıla bilər.

Eyni zamanda, il mənim üçün şəxsi zəmində də uğurlu sayıla bilər. Oğlum magistraturanı bitirdi və bu bizim ailə üçün uğurlu hadisə sayılır. 2013-cü il, mənim üçün, Azərbaycan üçün və hər bir azərbaycanlı ailəsi üçün hesab edirəm ki, uğurlu saymaq olar.

“Dostlardan xeyli təbriklər aldım”



Qabil Abbasoğlu, “Lent.az”-ın baş direktoru

-Ötən il həm işdə, həm də şəxsi həyatda bəzi müsbət hadisələr baş verdi. Rəhbərlik etdiyim Lent.az- saytının ailem.az adlı yeni layihəsi fəaliyyətə başladı. Zənnimcə, bu layihəmiz də indiyə qədər olanlar kimi, uğurlu bir işə çevriləcək. Bundan başqa, hesab edirəm ki, bu il Lent.az üçün uğurların artdığı bir dövr oldu, yeni nailiyyətlərlə yadda qalacaq. Şəxsi həyatda isə iki mühüm hadisəni qeyd edə bilərəm. Oğlum Tural orta məktəbi bitirib Türkiyədə universitetə qəbul olundu. Bu, hesab edirəm ki, hər bir valideyn üçün gözəl bir hadisədir. Bir də, bu il mənim 45 yaşım tamam oldu. Yubileydi hər halda. Dostlardan, yaxınlardan, həmkarlardan xeyli təbriklər aldım, hamısına təşəkkür edirəm.

“Mənzil alanlardan biri oldum”



Azər Sarıyev, MSK-nın mətbuat xidmətinin rəhbəri

-Ölkə daxilində ötən il prezident seçkiləri, “Əsrin müqaviləsi 2”-nin imzalanması və cənab prezidentin sərəncamı ilə tikilib istifadəyə verilmiş binadan jurnalistlərə mənzil verilməsi ilə yadda qaldı, məncə. Minnətdarlıq hissi qeyd edim ki, mənzil alanlardan biri də mən oldum. Regionda Gəzi parkı olayları, ABŞ-İran münasibətlərindəki buzların nisbətən əriməsi diqqətimizi çəkdi.

“Zakir Sadatlını da itirdik”



Rey Kərimoğlu, Qarabağ qazisi, jurnalist

-Təəssüf ki, ötən il də Qarabağı azad edə bilmədik...Və Zakir Sadatlı başda olmaqla bir neçə dostumuzu, dostlarımızın əzizlərini itirdik, o cümlədən doğmalarımdan bir neçə nəfər də dünyasını dəyişdi.
Həbsdə olan bir döyüşçü dostum aministiya aktı ilə 11 ildən sonra azadlığa çıxdı, amma həmkarlarımdan hələ də həbsdə qalanlar var.

Hələ ötən ildən lent.az saytında başlayan "Kəşfiyyatçınınxatirələri"i adlı layihəni başa vurdum. APA TV-də "Müharibə adamı" adlı layihə reallaşdırdıq. Yeni layihələr üzərində düşünürəm...
Hələki başa çatmayıb, bundan sonra nə olacaq bilmirəm.

“İkinci dəfə ata oldum”



Elməddin Muradlı, jurnalist

-Ötən il mənim çox maraqlı hadisələrlə zəngindir. Ən sevincli hadisə isə mart ayında ikinci dəfə ata olmağımdır. İkinci oğlum dünyaya gəldi. Ən çox buna sevindim. Sanki ailəmizə yenidən sevinc gətirdi, hər güç işdən evə gedəndə o balaca körpəylə oynamaq, onu öpüb oxşamaq həvəsi doğrudan da işdəki yorğunluğa son qoyur. İşlərimdə də maraqlı hadisələr baş verdi.

Ən maraqlı hadisə isə 14 illik jurnalistlik fəaliyyətimdə ilk dəfə məhz bu il APA TV-de televiziya aparıcısı kimi işə başlamağım oldu. APA TV-də “Qoşa xətt” verilişi yaratdıq, yol hərəkəti sahəsində insanların maarifləndirilməsinə xidmət edən verilişlər hazırlayırıq, düşünürəm ki, bu da cəmiyyət üçün də , elə mənim üçün də maraqlı bir hadisə idi.

“Uğurlar da oldu, itkilər də”



Eldar Aslanov, Turizm İnstitutunun prorektoru

-Əlbəttə keçən bir ili tam mənada müsbət və ya mənfi qiymətləndirmək olmaz. Çünki il ərzində uğurlarda oldu, itkilər də oldu. Yaxın dostlarımın itkiləri məni üzdü. Arzu edərdim belə itkilər az olsun və bivaxt olmasın. İtki hər zaman üzüntüdür, amma bivaxt olduqda daha çox təsirli olur. Amma həyat davam edir...

Amma deyə bilərəm ki, işdə daha çox uğurlarla yadda qaldı. Xüsusilə işlədiyim Azərbaycan Turizm İnstitutut bu il inkişafını davam etdirdi, yeni fakültələr, ixtisas və kafedralar yaradıldı, xarici əlaqələr daha da genişləndi, yeni beynəlxalq layihələrimiz başladı. Bir sözlə geriyə keçən bir ilə baxanda daha çox uğurlu günlərlə yadda qaldı. Ölkəmizin daha daha inkişafı, iqtisadi cəhətdən güclənməsi, Prezident seçkilərinin uğurla başa vurulması, Azərbaycanın dünyaya inteqrasiyasının daha da dərinləşməsi milli planda yadda qalar hadiəslər idi. Şəxsən mənim üçün 2013-cü il daha çox uğurlu və produktiv il olduğunu deyə bilərəm.
Fürsətdə istifadə edib, bütün xalqımızı Həmrəylik günü və yeni təqvim ili münasibəti ilə təbrik edir, yeni ildə sağlamlıq, xoşbəxtlik və uğurlu günlərinin çox olmasını azrulayıram.

“Tağı Əhmədovun metroda xokkey meydançası düzəltməsi”



Famil Cəfərli, redaktor

-Ölkədə keçirilən prezident seçkiləri, qəfildən müxalifətçilik edən Rüstəm əminin siyasi macəraları, benzinin bahalaşması, Azərbaycanın yenə futbol oynaya bilməməsi, Tağı Əhmədovun isə bunun acığına metroda xokkey meydançası düzəltməsi və jurnalistə sürüşüb-yıxılıb ölməyi məsləhət görməsi...İlin yadımda qalanları bunlardır.
"Şahdəniz-2" layihəsi üzrə Bakıda imzalanan anlaşma da ilə damğa vuran olaydır.

Şəxsi planda isə bir yaddaqalan hadisə olub - iş yerimi dəyişmişəm. "Yeni Müsavat" qzəetinin redaktorluğundan çıxıb virtualaz.org saytının baş redaktoru olmuşam. Mayın 15-dən bu işdə çalışıram.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti