BMT-nin Baş katibi: “2020-ci ilə müharibələrlə daxil oluruq”

  30 Dekabr 2019    Oxunub : 1423
 BMT-nin Baş katibi: “2020-ci ilə müharibələrlə daxil oluruq”
BMT-nin Baş katibi Antonio Quterreşin Yeni il münasibətilə müraciəti yayılıb.
Azvision.az -ın məlumatına görə, Baş katib öz müraciətində deyib ki, 2020-ci ilə hər yerdə qeyri-müəyyənliyin hökm sürdüyü, təhlükəsizliyin olmadığı, bərabərsizliyin davam etdiyi, nifrətin artdığı, müharibələrin olduğu, planetin istiləşdiyi bir şəraitdə qədəm qoyuruq.

Onun sözlərinə görə, iqlim dəyişikliyi təkcə uzunmüddətli problem deyil, həm də aydın və real təhlükədir: "Biz, planetin yanmasına biganə qalan bir nəsil ola bilmərik. Lakin ümidimiz hələ tükənməyib. Mənim builki Yeni il müraciətim məhz elə bu ümidin əsas mənbəyinə – dünya gənclərinədir.

İqlim fəaliyyətindən gender bərabərliyinə, sosial ədalətə və insan haqlarına qədər, sizin nəsil ön cəbhədə və xəbər başlıqlarında yer alır. Mən sizin həvəs və qətiyyətinizdən ilhamlanıram. Gələcəyin formalaşmasında iştirakınızı haqlı olaraq tələb edirsiniz. Mən sizinləyəm. Birləşmiş Millətlər Təşkilatı sizi dəstəkləyir və sizə məxsusdur.

2020-ci ildə BMT-nin 75-ci ildönümü qeyd olunacaq. Biz, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ədalətli qloballaşma planımız olan Onillik Fəaliyyətə başlayırıq. Bu il, dünyanın gənclərin öz sözünü deməsinə ehtiyacı var. Böyük düşünməkdə davam edin. Sərhədləri aşmağa davam edin. Və təzyiqinizi davam etdirin. 2020-ci ildə sizə sülh və xoşbəxtlik arzulayıram”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BMT