Yapon jurnalı Azərbaycan mətbəxindən yazıb

Yapon jurnalı Azərbaycan mətbəxindən yazıb
  18 Dekabr 2013    Oxunub:1375
Yaponiyanın nüfuzlu, əsasən dünya xalqlarının mətbəxindən bəhs edən və yüz min tirajla nəşr olunan “Dancyu” jurnalının son nömrəsində Azərbaycan mətbəxi haqqında məqalə dərc olunub.
Məqalədə “Yamazaki Baking Co. Ltd.” şirkətinin elan etdiyi “Dünya xalqlarının un məmulatları” layihəsi çərçivəsində Azərbaycanın un məmulatlarının və milli mətbəxinin nümunələrinə həsr edilmiş təqdimat barədə geniş məlumat verilib.

Jurnalda həmçinin Xəzər dənizi sahillərində yerləşən, ərazisi təxminən Hokkaydo adasına bərabər olan Azərbaycanın coğrafi mövqeyi, zəngin neft ehtiyatları barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan qədim və zəngin mədəniyyətə malik olmaqla yanaşı, zəngin mətbəxi ilə də tanınır. Yüksək məhsuldar torpaqlarda müxtəlif şərab növlərinin yetişdirilməsində istifadə edilən meyvələrlə yanaşı, tamlı yeməklərə vurulan və onların dadını daha da artıran tərəvəz və ədviyyat yetişdirilir. Milli mətbəx nümunələrinin reseptləri nəsildən-nəslə ötürülərək bu günə qədər gəlib çıxıb. Bu nümunələr arasında qoyun əti ilə hazırlanan və çörək ilə yeyilən pitinin xüsusi yeri olduğu qeyd edilir, onun hazırlanmasında istifadə olunan qida məhsulları sadalanır. Bu yeməyin süfrəyə verilməsi və qəbulu qaydalarından danışılır. Qeyd edilir ki, pitinin yeyilməsi zamanı təndirdə bişirilmiş dairəvi çörəkdən istifadə olunur ki, bu da öz tamı ilə fərqlənir.
Məqalə müəllifləri xalqımızın qonaqpərvərliyini, qonaq üçün açdığı süfrənin zənginliyi ilə fərqləndiyini xüsusi vurğulayırlar. Bildirilir ki, bu süfrədə hər cür yemək - balıq və ət məhsulları, müxtəlif meyvələrdən hazırlanmış və xüsui tamı ilə seçilən rəngarəng şirniyyat olur. / `Azərtac `


Teqlər:





Xəbər lenti