Azərbaycan Antikorrupsiya Akademiyasının Büro üzvü seçildi

Azərbaycan Antikorrupsiya Akademiyasının Büro üzvü seçildi
  17 Dekabr 2013    Oxunub:1374
Tailandın Banqkok şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının təsis olunması haqqında müqaviləyə tərəf dövlətlərin II Assambleyası keçirilib. Tədbirdə müqaviləyə tərəf olan 29 dövlətin və 11 müşahidəçi dövlətin yüksək səviyyəli nümayəndə heyətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar iştirak ediblər.
APA Assambleyada Azərbaycanı vergilər nazirinin müavini Sahib Ələkbərovun başçılıq etdiyi, Vergilər Nazirliyi, Baş Prokurorluq və Azərbaycanın Avstriyada yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.

Assambleyanın açılışında Tailandın Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Komissiyasının prezidenti Panthep Klanarongran və Beynəlxalq Antikorrupsiya Akademiyasının icraçı direktoru Martin Kreutner çıxış ediblər. Çıxışlarda Akademiyanın inkişafı ilə bağlı görülən işlərdən və gələcək planlardan danışılıb, qısa müddət ərzində təşkilatın beynəlxalq nüfuzunun nəzərəçarpacaq dərəcədə artdığı, Akademiyanın BMT Baş Assambleyası yanında müşahidəçi statusu alması bağlı prosedurların yekunlaşmaqda olduğu vurğulanıb.

S.Ələkbərov Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O bildirib ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizənin vacib elementi kimi vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə və onların əlçatan olmasına xüsusi önəm verir. Buna misal olaraq, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin ASAN xidmət mərkəzlərinin fəaliyyəti, onların xidmətlərindən, eləcə də Azərbaycanın vergi orqanlarının elektron xidmətlərindən yararlanan vətəndaşların sayının gündən-günə artdığı göstərilib.

S.Ələkbərov deyib ki, vergi xidmətində tətbiq edilmiş yeni informasiya texnologiyaları sayəsində vergi ödəyiciləri ilə iş prosesləri tamamilə elektronlaşdırılıb: “Bu da vətəndaş-məmur təmaslarının minimallaşdırılmasına və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılmasına xidmət edir”.

Assambleyada həmçinin təşkilatın inkişafı üzrə aidiyyəti orqanların hesabatları dinlənilib, Rusiya, Avstriya və Antikorrupsiya Akademiyasının təqdim etdiyi üç qətnamə layihəsi geniş müzakirələrdən sonra qəbul edilib. Növbəti il üçün Assambleyanın rəhbər orqanı olan Büroya seçkilər keçirilib, nümayəndəsi Büroya üzv seçilmiş beş ölkədən biri də Azərbaycan olub.

Qeyd edək ki, Beynəlxalq Antikorrupsiya Akademiyası 2010-cu ildə Avstriya Hökuməti, BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi və Avropa Saxtakarlıq Əleyhinə Təşkilatının birgə təşəbbüsü ilə təsis edilib. 53 dövlətin üzv olduğu bu beynəlxalq təşkilat antikorrupsiya sahəsində bilik və təcrübələrin artırılması, antikorrupsiya sahəsində təhsil, tədris, şəbəkənin yaradılması, əməkdaşlıq və akademik axtarışlar sahəsində müstəqil mərkəz kimi fəaliyyət göstərir.

Ötən müddət ərzində Akademiya beynəlxalq antikorrupsiya hərəkatına öz töhfələrini verib, korrupsiyanın qarşısının alınmasında hökumətlər, qeyri-hökumət təşkilatları və ictimaiyyətin geniş təbəqələri ilə sıx əməkdaşlıq edib. Hazırda Akademiya korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə əsas beynəlxalq platforma kimi çıxır edir. / APA


Teqlər:  





Xəbər lenti