Göyçayda güclü küləyin fəsadları aradan qaldırılır

Göyçayda güclü küləyin fəsadları aradan qaldırılır
  05 Dekabr 2013    Oxunub:1666
Göyçayda güclü küləyin törətdiyi fəsadlar aradan qaldırılır.
AzVision.az xəbər verir ki, dekabrın 3-ü saat 16:00 radələrindən başlayan əsən güclü külək Göyçay rayonunda ciddi fəsadlara səbəb olub.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz İbrahimov bildirib ki, təxminən 13 saatdan çox bir vaxtda əsən güclü küləyin təsiri nəticəsində Göyçay şəhərində və bütün kəndlərdə elektrik enerjisinin verilişi tamamilə dayanıb. Güclü külək bir çox yerdə ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.
Komissiya sədrinin sözlərinə görə bir sutka ərzində Göyçay rayonunun 40-a yaxın yaşayış məntəqəsində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib. Gecə saatlarında bir neçə yerdə iri gövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Göyçay şəhərində və kəndlərdə 40-dan çox ağac yıxılmış, yollar müəyyən müddətdə bağlı qalmış, elektrik və rabitə xətləri qırılaraq yerə düşüb. Külək rayon ərazisində 30-a yaxın evin və yardımçı tikililərin dam örtüyünü qoparıb. Qasırğa bu gün səhər saat 5-dək davam edib.

Dekabrın 4-də səhər saatlarından rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülməyə başlanıb, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülüb. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri küləyin təsiri nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edib, evlərə, obyektlərə baxış keçirilib və hazırda dəyən ziyanın məbləği hesablanır. Dekabrın 4-də axşam saatlarınadək rayonun bütün yaşayış məntəqələrində elektrik və rabitə xətləri tamamilə bərpa edilib.

AzərTAc


Teqlər:  





Xəbər lenti