İki güləşçimiz dünya çempionatının yarımfinalında

  03 Avqust 2019    Oxunub : 899
İki güləşçimiz dünya çempionatının yarımfinalında
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb.

Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb.

Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olub.

Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub.

Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Azvision.az

Teqlər: Dünya-Çempionatı   Güləş