EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib

  22 İyul 2019    Oxunub : 629
EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse prezidenti Sadıq Sadıqov Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən cüdoçular və onların məşqçiləri ilə görüşüb.
ACF-dən Azvision.az -a verilən məlumata görə, Olimpiya Kəndində baş tutan görüşdə əvvəlcə həm oğlanlardan, həm də qızlardan ibarət milli komandanın məşqçiləri nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.

Mütəxəssislər Olimpiya Festivalında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. ACF-in vitse-prezidenti federasiya rəhbərliyi adından yeniyetmə cüdoçulara uğurlar arzulayıb.

Qeyd edək ki, Yeniyetmələrin Avropa Olimpiya Festivalında cüdo yarışları 24-27 iyul tarixində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu təmsil edəcək.

Azvision.az

Teqlər: EYOF   Cüdo