“Cavab çıxarılır!”

“Cavab çıxarılır!”
  25 Noyabr 2013    Oxunub:1514
Fazil MUSTAFA

Mən adəti üzrə peşəkar və məntiqli cavabları çox sevərəm. Bəlkə də bu, bir az hüquqçu olmağımdan irəli gəlir. Məhkəmə prosesinin iştirakçısı olanlar hakim tərəfindən vaxtaşırı səsləndirilən bu ifadəni daha rahat xatırlarlar. Verilən sual mahiyyətə uyğun gəlməyəndə, birinci ifadə bu olur: “Sual çıxarılır”. Ona görə də bəndəniz hansısa suallar ünvanlayanda, mövzunun bütün istiqamətlərini dəqiq ifadə etməyi unutmamağa ciddi səy göstərir.
Ancaq oxuyanda ki, cənab İbrahimoğlu suallarımı cavablandırıb, dərhal o cavabları axtarmağa çalışdım və anladım ki, bu cavabı heç vaxt vermək iqtidarında olmayacaq. Tam məsuliyyətimlə deyirəm ki, adamın səmimi şəkildə İslamın mahiyyətindən xəbəri yoxdur. Əsas diqqət etdiyim də odur ki, bəndənizə cavab vermək üçün gərək ilk öncə Hacı titulunu adınızın qarşısından götürəsiniz. Başqaları bu adla qeyri-rəsmi kiməsə müraciət edə bilər, burada bir qəbahət görmürəm. Dünyanın heç bir ölkəsində bizdəki kimi Həcc ziyarətində olanlar bu adı adlarının qarşısına titul kimi yerləşdirərək özlərini tanıtmağa çalışmırlar. Bu tutulun insanda daha böyük cavabdehlik yaratdığını düşünərək insanların gözünə soxmurlar. Ona qalsa, hər namaz qılan da bu ibadət növünü nəzərdə tutub adının qabağına Namaz Filankəs yazsın, Oruc tutan Oruc Filankəs yazsın. Bu, əslində İslam dininə qeyri-ciddi münasibətinizin bir göstəricisidir.

İkincisi, hər yerdə adınızın qarşısına teoloq-filosof yazırsınız, mən bilən heç Aristotel də özünə filosof deyə ad qoymayıb, imkan verin kənardan sizin elminizin dəryasına baş vuranlar burada gövhər suyundan içib o qənaətə gəlsinlər ki, siz filosofsunuz. Oradan-buradan köçürmə məqalələrlə bir qəzetin oxucularının başını aldatmaq mümkündür, ancaq İslamın mahiyyətini dərk edənlər üçün bu səfsəfələr dövrü çoxdan keçib.

Üçüncüsü, Sizə yönəltdiyim konkret suala cavab verməkdən yayınaraq, bəndənizi Əməvi ruhlu olmaqla ittiham edirsiniz. Ancaq bu mövzuda az sayda əsərlərimi oxusaydınız və daha çox bilgi sahibi olsaydınız, görərdiniz ki, Türk ruhlu İslam anlayışını ən örnək bir model olaraq gördüyümü hər dəfə israrla vurğulayıram. Əməvilərə gəldikdə isə, onların içində ən çox sevdiyim ideal bir şəxsiyyət xəlifə Ömər ibn Əbdüləziz olmuş və ona sayğımı heç vaxt gizlətmirəm. Heç olmazsa, Əməvi ruhlu sözünü işlədərkən, azacıq vicdan sahibi olmaq yetərlidir ki, ən azı İslam tarixində Raşidi xəlifələrə bərabər tutulan bu müdhiş əxlaq sahibini istisna edəsiniz. Görünür, Ömər adına duyduğunuz nifrət bu böyük şəxsiyyətin də haqqını rahatlıqla tapdalamağa sizləri sövq edir. Onu da iddia etdiyiniz Əməvi ruhunun içində gördüyünüzü gizlətmirsiniz. Halbuki səmimi İslam anlayışına sahib insan kimliyindən asılı olmayaraq, Peyğəmbərimizin sevdiyi, dəyər verdiyi, onun yolunu gedən hər bir insana sayğı ilə yanaşmağa borcludur.

Cavabınız suallarımı əhatə etmədiyinə görə “Cavabınız çıxarılır!” Sizi sualıma konkret cavab verməyə çağırıram və təkrar yazıram. Yəni söyləyirəm ki, İslamda ən böyük möcüzə Qurani-Kərimdir, onu anlayaraq oxuyun! Ən böyük şəxsiyyət Həzrəti Məhəmməddir, onun həyatını örnək götürün və öyrənin! Raşıdi xəlifələrinə, eləcə də Ömər ibn Əbdüləziz kimi simalara, Peyğəmbərimizin Əhli-Beytinə, böyük İslam alimlərinə, sərkərdələrinə hörmətlə yanaşın! Peyğəmbərimizin vəfatından sonra baş verən bütün hadisələrə isə İslam tarixinin faydalı və ya faydasız epizodları kimi baxın, bu dinin iman əsasları ilə hədisləri, mərasimləri bir-birinə qarışdırmayın! Başqalarına lənət oxumaq, nifrət aşılamaq, boş başını yarmaq, zəncirlə özünü döymək, Peyğəmbərin qadınına əxlaqsız demək, yaxın silahdaşlarına küfr etmək ədəbsizlikdir, tərbiyəsizlikdir, cahillikdir.

İndi buyurun, cənab İbrahimoğlu, bir-bir Quran ayələrindən sitat gətirib, söylədiklərimizin hansının İslama zidd olduğunu, İslam vəhdətini pozduğunu isbatlayın.


Teqlər:





Xəbər lenti