MTN-in zərərsizləşdirdiyi terrorçular danışdılar -VİDEO

MTN-in zərərsizləşdirdiyi terrorçular danışdılar -VİDEO
  24 Noyabr 2013    Oxunub:1626
Qrupun iki üzvü həbs olunub, onlardan xeyli silah-sursat götürülüb
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan vətəndaşları Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar.

Məlumatda bildirilir ki, 2013-cü ilin oktyabr ayında İnternetdə «facebook» sosial şəbəkəsində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində hazırda Qusar rayonunda olan “əmir Fərman Çətin”in “Şeyx Mirzahmad al-Qusari”dən Azərbaycanda şiələrə qarşı “cihad” etmək barədə fətva aldığına dair bəyanat yerləşdirilib.

Bundan başqa, “Enekin Skayvoker” profilində əlində soyuq silah qismində olan bıçaq tutmuş Fərman Çətinin və Şeyx Mirzahmad Əl-Qusarinin birlikdə fotoşəkili də yayımlanıb. Həmin fotoşəklin altında isə Azərbaycanda dini nifrət və ayrı-seçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub olanlara qarşı “cihad etmək haqda fətva”, təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən “Məşədi Dadaş” məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar əksini tapıb.

Həyata keçirilmiş antiterror tədbirləri nəticəsində, özünü “Fərman Çətin” kimi qələmə verən şəxsin - Nəriman Mirzəyev, “Şeyx Mirzahmad Əl-Qusari”nin isə Mirzəhməd Rüstəmov olduqları müəyyən edilib.

Məlum olub ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə şiə təriqətinə mənsub şəxslərin həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması təhlükəsi yaradan partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdirinlər. Onlar şiə təriqətinə mənsub şəxslərin kütləvi toplaşdığı məkanlardan biri olan - Bakı şəhəri, Yasamal rayonundakı “Məşədi Dadaş” məscidinin partladılması üçün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq-mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev İnternetdə “facebook” sosial şəbəkəsində şiə təriqətinə mənsub şəxslərə qarşı “cihada başlamaq”, o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər.

MTN-in keçirdiyi təxirəsalınmaz əməliyyat tədbirləri ilə Nəriman Mirzəyev və Mirzəhməd Rüstəmov yaxalanıblar. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş baxış nəticəsində Nəriman Mirzəyevin üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd «Makarov MP 371» siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, yaşadığı mənzildən 1 ədəd «Kalaşnikov» avtomat silahı, həmin silah üçün 1 daraq, 14 patron, 3 “F-1” tipli əl qumbarası və onlara aid 3 alışdırıcı, Mirzəhməd Rüstəmovun üzərindən təyinatı kustar üsulla dəyişdirilmiş 1 ədəd «Makarov MP 371» siqnalverici tapança, həmin tapança üçün 1 daraq və 8 patron, onun mənzilindən 2 “F-1” tipli əl qumbarası və onlara aid 2 alışdırıcısı aşkar olunaraq götürülüb.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, əməliyyatı əks etdirən video-çəkiliş bu gün telekanallarda nümayiş etdirilib.




Teqlər:  





Xəbər lenti