“Bakı - 2019” - 146 min bilet satışa çıxarılacaq

  17 May 2019    Oxunub : 1083
 “Bakı - 2019” - 146 min bilet satışa çıxarılacaq
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket əməkdaşlıq haqqında razılıq imzalayıblar. Razılığa əsasən, iTicket.az “Bakı 2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi bilet satış təminatçısı və dəstəkçisi olub.
Azvision.az-ın məlumatına görə, gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, atılan addımlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyadacaq və onların bu möhtəşəm idman oyunlarını izləmələri üçün şərait yaradacaq.

Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında olacaq. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək.

Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat EYOF Bakı 2019-un rəsmi səhifəsində elan ediləcək. Tədbir üçün satışa 146 000 bilet çıxarılacaq.

Biletlərin təxminən yarısı 10 iyun 2019-cu il tarixindən EYOF "Bakı 2019"-un rəsmi veb saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https://www.iticket.az satışda olacaq. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Azvision.az

Teqlər: Azad-Rəhimov   Festival   Bilet