Bakıda yarmarkalar keçirildi

Bakıda yarmarkalar keçirildi
  23 Noyabr 2013    Oxunub:1647
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirildi.
AzVision.az xəbər verir ki, bu gün Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 14,7 tondan çox məhsul, o cümlədən 0,7 ton ət, 0,1 ton ağartı, 3,4 ton tərəvəz, 4 ton meyvə və s. təklif olunurdu.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 40-50, kartof 50-60, yumurtanın 1 ədədi 10 qəpiyə və s. satılır.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə, Göyçay və Gədəbəy rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 61,1 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı və digər məhsullar gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, bugünkü yarmarkaya çıxarılan məhsullar arasında payız fəslinə uyğun mövsümi kənd nemətləri, o cümlədən kartof, soğan, kələm, yerkökü, çuğundur, lobya, badımcan, balqabaq, bibər, alma, armud, üzüm, nar, heyva, xurma, göyərti və digər məhsullar üstünlük təşkil edir. Bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.

Yarmarkaya daxil olan bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nəzarət tərəzisi də qoyulub.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 15 tona yaxın kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazarlardakından 25-30 faiz ucuz olması qəsəbə sakinləri tərəfindən razılıqla qarşılandı.

Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunan yarmarkalarda - “Günəş” ticarət mərkəzində (22,4 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,6 ton) satışa Şəki, Samux, Quba, Balakən, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş, ümumilikdə, 25 ton məhsul çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada meyvələrdən alma, armud, üzüm, nar, heyva, xurma, tərəvəzlərdən pomidor, xiyar, göyərti, həmçinin mövsümi kənd nemətlərindən lobya, badımcan, bibər, kartof, soğan, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 214 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-30 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.

Yarmarkada sərfəli qiymətə üzüm, heyva, naringi, feyxoa, nar, xurma, alma, armud, pomidor, yerkökü, çuğundur, xiyar, kartof, soğan, badımcan, bibər, göyərti və digər məhsullar da təklif olunur.

Şəhər sakinləri yarmarkada yaradılan bolluqdan və məhsulların keyfiyyətindən razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunan yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala rayonlarından 27,4 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 2 min ədəd yumurta gətirilib.
Yarmarkada ilk baxışdan səliqə-sahman, payız mövsümü ilə əlaqədar bolluq və canlanma gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun olaraq üzüm, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur, ağartı məhsulları, göyərti və s. kənd nemətləri təklif edilirdi.

Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.

Ağstafa, Bərdə, Siyəzən, Goranboy rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada təzə və keyfiyyətli meyvə-tərəvəzləri, bostan və süd məhsullarını bazarlardakından 20-30 faiz ucuz qiymətlərə satırdılar.

Alıcılar yarmarkanın təşkilindən razı qaldıqlarını bildirirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, yarmarkaya 27,8 ton məhsul gətirilib.

AzərTac


Teqlər:





Xəbər lenti